SpaceX IPO-dan 74,4 milyard dollar toplamağa hazırlaşır
SpaceX tarixdə ən böyük IPO-lardan birinə imza atmağa hazırlaşır. Şirkət qarşıdan gələn ilkin kütləvi səhm təklifi (IPO) üçün bir səhm qiymətini 135 ABŞ dolları səviyyəsində müəyyən etdiyini açıqlayıb. Məlumata görə, yekun qiymət 11 iyun tarixində açıqlanacaq, səhmlərin birjada ticarətinə isə 12 iyunda başlanacaq. Əgər səhmlər həqiqətən də 135 dollar qiymətindən satılarsa, SpaceX IPO vasitəsilə təxminən 74,4 milyard dollar vəsait cəlb edəcək. Bu isə şirkətin bazar dəyərini təxminən 1,75 trilyon dollara çatdıracaq və onu dünyanın ən dəyərli özəl texnologiya şirkətlərindən birinə çevirəcək.
Mütəxəssislərin fikrincə, 74,4 milyard dollarlıq IPO ABŞ-də son iki il ərzində keçirilən bütün IPO-ların ümumi həcmindən daha böyük ola bilər. Bu göstərici həm də IPO bazarında yeni rekord kimi tarixə düşə bilər. Şirkətin qurucusu Elon Musk üçün də bu proses mühüm əhəmiyyət daşıyır. Hazırda SpaceX-in təxminən 50 faizinə sahib olan Musk-ın payının dəyəri 752 milyard dollara qədər yüksələ bilər. Bu isə onu dünyanın ilk trilyonerinə çevrilməyə bir addım daha yaxınlaşdırır.
SpaceX-in ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlər şirkətin gələcək planları barədə də maraqlı detallar ortaya çıxarıb. Belə ki, SpaceX IPO-dan əldə ediləcək vəsaitin bir hissəsini orbitdə fəaliyyət göstərəcək məlumat mərkəzlərinin yaradılmasına yönəltməyi planlaşdırır. Şirkətin ideyasına əsasən, gələcəkdə təxminən 1 milyon peykdən ibarət nəhəng peyk şəbəkəsi yaradılacaq və bu peyklər Günəş enerjisi ilə işləyən kosmik məlumat mərkəzləri kimi fəaliyyət göstərəcək. Peyklərin 500-2000 kilometr yüksəklikdə Günəşlə sinxron orbitlərdə yerləşdirilməsi nəzərdə tutulur. Elon Musk hesab edir ki, raket buraxılışlarının ucuzlaşması və Günəş enerjisindən istifadə sayəsində orbitdə yerləşən məlumat mərkəzləri yaxın illərdə süni intellekt hesablama gücünün ən sərfəli mənbələrindən birinə çevrilə bilər.
Paylaş