Logo
    main-post-cover

    SpotDraft-ın dəyəri 380 milyon dollara çatdı

    Digər
    27.01.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Qualcomm-un investisiya qolu Qualcomm Ventures məxfilik yönümlü süni intellekt həlləri üzərində çalışan SpotDraft startapına 8 milyon dollar investisiya edib. Bu vəsait Series B raunduna strateji əlavə kimi cəlb olunub və şirkətin dəyəri təxminən 380 milyon dollara yüksəlib. Bu, SpotDraft-ın ötən ilin fevralında bağladığı 56 milyon dollarlıq Series B raundundan sonra dəyərinin demək olar ki, iki dəfə artması deməkdir.
    SpotDraft's VerifAI in Microsoft Word
        Şirkət əsasən müqavilələrin cihaz üzərində (on-device) süni intellekt vasitəsilə analizinə fokuslanır. Bu yanaşma xüsusilə hüquq, maliyyə və digər tənzimlənən sahələr üçün kritik hesab olunur, çünki belə sənədlərdə məxfi məlumatlar, kommersiya şərtləri, qiymətlər, intellektual mülkiyyət və hüquqi öhdəliklər yer alır. Məlumatların bulud servislərinə ötürülməsi isə bir çox hallarda risk yaradır.
        SpotDraft-ın VerifAI adlı həlli sənədləri internetə göndərmədən, birbaşa istifadəçinin kompüterində analiz edə bilir. Şirkət bu texnologiyanı 2025 Snapdragon Summit tədbirində Snapdragon X Elite prosessorlu noutbuklarda nümayiş etdirib. Sistem müqavilələrin yoxlanması, risklərin qiymətləndirilməsi və redaktə təkliflərini tam oflayn rejimdə icra edə bilir.
        Qeyd olunur ki, internet bağlantısı yalnız giriş, lisenziya və komanda daxilində əməkdaşlıq funksiyaları üçün lazımdır. Müqavilənin məzmunu isə cihazdan kənara çıxmır. VerifAI hüquq komandalarının artıq gündəlik istifadə etdiyi Microsoft Word mühitində işləyir və şirkətin daxili qaydaları, “playbook”ları və əvvəlki müqavilələr əsasında avtomatik tövsiyələr təqdim edir.
    Paylaş