Spotify 2025-ci ildə musiqi sənayesinə 11 milyard dollar ödədiyini açıqladı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify açıqlayıb ki, 2025-ci ildə musiqi sənayesinə ümumilikdə 11 milyard dollar qonorar ödəyib. Bu rəqəm ötən illə müqayisədə 1 milyard dollar çoxdur və şirkətin iddiasına görə, bütün qlobal səsyazma sənayesi gəlirlərinin təxminən 30 faizinə bərabərdir. Qeyd edək ki, bu məbləğə konsert biletləri, audiokitab qonorarları və podkast razılaşmaları daxil deyil. Lakin bu, Spotify-ın 11 milyard dolları birbaşa musiqiçilərə ödədiyi mənasına gəlmir.
Ödənişlər əsasən “rightsholder”lərə, yəni səsyazma şirkətlərinə, distribyutorlara, nəşriyyatlara və digər hüquq sahiblərinə edilir. Spotify isə həmin məbləğin sonradan artistlərə nə qədər paylandığı barədə dəqiq məlumata sahib olmadığını bildirir. Müqavilələrdən asılı olaraq musiqiçilərin qazancı ciddi şəkildə dəyişir. Spotify-ın qlobal musiqi kommunikasiyaları rəhbəri Chris Macowski-nin sözlərinə görə, 2025-ci ildə 12 500-dən çox artist 100 min dollardan artıq qonorar qazanıb. Bu rəqəm 2024-cü ildə 10 min idi. Spotify bunu CD dövrünün zirvəsində mağazalarda satılan artist sayı ilə müqayisə etsə də, bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Şirkət eyni zamanda tənqidlərə cavab olaraq yeni addımlar atacağını açıqlayıb. Spotify fırıldaqçılıq və spam kontentlə mübarizə üçün yeni həllər üzərində çalışır. Xüsusilə süni intellektdən istifadə edilərək platformanın keyfiyyətsiz musiqi ilə doldurulmasının qarşısının alınacağı bildirilir.
Paylaş