Spotify mahnı sözləri funksiyasını yenilədi
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify mahnı sözləri (lyrics) funksiyasını yeniləyib. Şirkət bu dəfə istifadəçilərə offline rejimdə mahnı sözlərinə baxmaq, daha çox dildə tərcümə imkanı və funksiyanın tətbiq daxilində daha görünən yerə köçürülməsi kimi yeniliklər təqdim edib.
Yeniləməyə əsasən, offline lyrics funksiyası yalnız Premium abunəçilər üçün əlçatan olacaq. Spotify bunun pullu abunəliyə keçidi təşviq edəcəyini düşünür. Xatırladaq ki, şirkət 2024-cü ildə mahnı sözlərini qismən ödənişli etməyə çalışmış, lakin istifadəçi narazılıqlarından sonra geri addım atmışdı. Yenilənmiş interfeysdə mahnı sözləri artıq albom üzlüyünün və ya musiqi ilə birlikdə oynayan qısa videonun (Canvas) birbaşa altında göstəriləcək. Spotify bildirir ki, aparılan istifadəçi testləri bu yerləşdirmənin funksiyaya marağı və istifadəni artırdığını göstərib. Eyni zamanda, sevilən sətirləri sosial şəbəkələrdə paylaşmaq imkanı da saxlanılıb.
“Lyric previews” adlanan bu yenilik iOS və Android platformalarında həm pulsuz, həm də ödənişli istifadəçilər üçün qlobal şəkildə mərhələli olaraq istifadəyə veriləcək.
Paylaş