Logo
    main-post-cover

    Spotify oxu və dinləmə təcrübəsini birləşdirən yeni funksiya sınaqdan keçirir

    Digər
    20.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify audiokitablar üçün yeni və olduqca maraqlı bir funksiyanı sınaqdan keçirir. Bu funksiya oxuculara fiziki kitabda qaldıqları yerdən audiokitabda davam etməyə imkan verəcək. Android Authority-nin məlumatına görə, Spotify tətbiqinin 9.1.18.282 versiyasında “Page Match” adlı beta xüsusiyyətinə dair kod izləri aşkar edilib.
    Sell Audiobooks on Spotify with PublishDrive
        Page Match funksiyası audiokitabı Spotify üzərindən almağı və ya kilidini açmağı, həmçinin eyni kitabın kağız və ya elektron versiyasına sahib olmağı tələb edir. Funksiya istifadəçinin oxuduğu səhifəni smartfon kamerası ilə skan edir və OCR (optik mətn tanıma) texnologiyası vasitəsilə mətni tanıyaraq onu audiokitabdakı uyğun vaxt nöqtəsi ilə sinxronlaşdırır.
        Bu yanaşmanın əsas məqsədi istifadəçilərin audiokitabda əl ilə irəli-geri axtarış etməsinə ehtiyacı aradan qaldırmaqdır. Maraqlısı odur ki, Page Match təkcə kağız kitabdan audiokitab istiqamətində deyil, əksinə də işləyə bilər. Kod məlumatlarına əsasən, Spotify audiokitab dinləyərkən hazırda hansı səhifəyə uyğun gəldiyini də göstərəcək. Bu isə oxucular üçün oxu və dinləmə arasında keçidi xeyli asanlaşdıracaq.
        Spotify bu funksiyanı hələ rəsmi şəkildə elan etməyib və onun geniş istifadəyə çıxarılıb-çıxarılmayacağı bəlli deyil. Bundan əlavə, OCR texnologiyası hər zaman dəqiq işləmədiyi üçün sistem mətni tanıya bilmədikdə istifadəçidən yaxın səhifəni yenidən skan etməyi xahiş edə bilər. Kitabların müxtəlif nəşrlərində səhifə nömrələrinin fərqli olması da müəyyən çətinliklər yarada bilər.
    Paylaş