Spotify “Wrapped” effekti ilə rekord qırdı: 751 milyon aylıq istifadəçi
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify 2025-ci ilin dördüncü rübündə istifadəçi sayına görə tarixi rekord qırıb. Şirkətin açıqlamasına görə, ilin sonuna təsadüf edən məşhur “Wrapped” kampaniyası və pulsuz istifadəçilər üçün təqdim edilən yeni funksiyalar platformaya böyük maraq yaradıb.
Son rübdə Spotify 38 milyon yeni istifadəçi qazanaraq aylıq aktiv istifadəçi sayını 751 milyona çatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım deməkdir. Ödənişli abunəçilərin sayı isə 10 faiz artaraq 290 milyona yüksəlib. Şirkət bildirir ki, “Wrapped” kampaniyası çərçivəsində 300 milyondan çox istifadəçi aktiv olub və ümumilikdə 56 dildə 630 milyon paylaşım sosial şəbəkələrdə yayılıb. Maliyyə baxımından da artım qeydə alınıb. Spotify-ın rüblük gəliri 4,53 milyard avroya çatıb ki, bu da illik müqayisədə 7 faiz artım deməkdir. Abunə gəlirləri 8 faiz yüksəlsə də, reklam əsaslı gəlirlər 4 faiz azalaraq 518 milyon avro olub.
Bununla belə, şirkətin ümumi mənfəət marjası 33,1 faizə yüksələrək rekord səviyyəyə çatıb. Spotify bunu podcast və musiqi məzmunlarında reklam satışlarının artması ilə əlaqələndirir. Hazırda şirkətin idarəçiliyi yeni həmsədr icraçı direktorlar tərəfindən həyata keçirilir və Spotify musiqi yayımı ilə yanaşı podcast, audiokitab, video məzmun və sosial funksiyalarla ekosistemini genişləndirməyə davam edir. Şirkət cari rübdə aylıq aktiv istifadəçi sayının 759 milyona, ödənişli abunəçilərin isə 293 milyona çatacağını proqnozlaşdırır.
Paylaş