
'Tesla' şirkəti, avtomobil sənayesini necə dəyişdi?
29 İyul tarixində Elon Musk, yeni Model 3 avtomobilinin təqdimatını keçirtdi və bu seriyanın bir neçə avtomobilini ilk alıcılara təqdim etdi. Bu təkcə “Tesla” üçün deyil, həmdə bütün avtomobil sənayesi üçün böyük hadisədir. Beləliklə Elon Musk-ın şirkəti bütövlükdə avtomobil sənayesini dəyişdirdi.
Avtopilot idarəetməsi:
2015-ci ilin Oktyabr ayında “Tesla” şirkəti ilk dəfə olaraq
avtopilot sistemini təqdim etmişdi. Həmin vaxtda Elon Musk, insanları diqqətli
olamağa çağırmışdı. Belə ki, bu cür səviyyədə olan avtopilot sistemi ilk dəfə
şirkətin avtomobilinə əlavə olunurdu. Musk bildirmişdi ki, çox güman ki, bəzi
istifadəçilər onun sözlərinə qulaq asmayacaq və öz əllərini sükandan çəkəcəklər.
Beləliklə o, insanların nəzərinə çatdırdı ki, bunu etməyi məsləhət görmür.
Sanki Elon Musk hər şeyi öncədən görmüşdü. Belə ki, təqdimatdan bir neçə gün
sonra YouTube-da bununla bağlı videolar peyda olmağa başladı. Həmin videolarda
insanların sanki tamamilə avtopilot sisteminin, idarəetməyə hakim olduğu
avtomobildə əyləşdikləri əks olunmuşdu. Bəzi hallarda bu cür hadisələr, dəhşətli
sonluqla bitir. Bu cür videolar onu sübut etdi ki, insanlara yeni və güclü
texnologiya veriləndə onlar özlərini axmaq kimi apara bilirlər. Ən əsası isə bu
hadisə, avtomobil sənayesinin hansı səmtə doğru getmək lazım olduğunu göstərdi.
Təbii ki, həmin vaxtda bütün dünya tamamilə funksional avtopilot sistemini görmədi.
Həmin avtopilot sisteminin əsas funksiyası, Autosteer idi. Sözügedən funksiya,
avtomobilin yola çıxmasından sonra onun, seçilmiş yol xəttində qalmasına
yardımçı olur, sürəti idarə edir və digər avtomobillər ilə olan məsafəyə nəzarət
edirdi.
Avtopilot sistemli avtomobillər təkcə Silikon Vadisinin “ağıllı”
şəxsləri tərəfindən ağızdolusu danışılan elmi bir təcrübə deyil. Bu, avtomobillərin
gələcəyidir və Elon Musk, həmin gələcəyin adi insanlar tərəfindən hiss edilməsinə
şərait yaratdı. Avtopilot sisteminin ilk dəfə peyda olmasından sonra digər
böyük avtomobil istehsalçıları öz avtomobillərində yarıavtomatlaşdırma və ya
tamamilə avtopilot sisteminin reallaşdırılacağını elan etdilər. Məsələn, “General Motors” şirkəti,
Cadillac CT6 modelinə Super Cruise sistemini əlavə etdi, “Mercedes-Benz” şirkəti, Drive Pilot, “Nissan”, ProPilot sistemlərini
yaratdılar. Hətta “Audi” şirkəti qeyd etdi ki, yeni A8 modeli, 3-cü səviyyəli
avtopilot rejiminə sahib olacaq. Bunlar yalnız bir neçə nümunələrdir. Tesla
Model 3-ün satışa çıxmasından sonra belə bir sual yarandı: Avtopilot sistemi
necə inkişaf edəcək? Keçən il “Tesla” şirkəti, kompüterləşdirilmiş görmə
qabiliyyəti sistemi üzərində çalışan Mobileye adlı startap ilə əməkdaşlığı
dayandırdı və özünün avtopilot sisteminin yaradılmasına qərar verdi. Daha sonra
Elon Musk, bütün Tesla avtomobillərinin avtopilot sisteminə sahib olacağını
bildirdi. Tesla Model 3-ün təqdimatında deyilənlərə əsasən belə bir nəticəyə gəlmək
olar ki, şirkət öz avtopilot sistemini təkmilləşdirdi və əlavə ödəniş vasitəsilə
həmin sistemi avtomobildə aktiv etmək mümkündür. Yaxın gələcəkdə bu cür
sistem bir çox nəqliyyat vasitələri üçün
standart halına gələcək. Mütəxəssislərin fikrincə artıq 2020-ci ildə biz,
yollarda yarıavtonom və ya tamamilə avtonom sistemli avtomobilləri görə biləcəyik.
Lakin həmin sistemə sahib avtomobili irimiqyaslı istehsalata cəlb edən şirkət məhz
“Tesla” oldu.
Elektromobillik:
Avtopilot sistemi, bir çox avtomobil istehsalçılarını, özlərinin
yarıavtonom sistemi hazırlamağa məcbur etdi. Elon Musk-ın səyləri,
elektromobilləri irimiqyaslı istehsalata cəlb etmək baxımdan bu sənayeyə eyni təsiri
göstərir. Tesla Model S və X avtomobillərinin
uğuru, şirkətin, 56 milyard dollar qiymətində dəyərləndirilməsi, avtomobil sənayesinin
hansı yol üzrə inkişaf edəcəyini anlamağa imkan verir. “Tesla”nın bir sıra rəqibləri,
elektrik sisteminə keçid ideyasını o dərəcədə mənimsədilər ki, hətta bu
baxımdan onlar “Tesla”nı da geridə qoydular. Məsələn, “General Motors”, Model
3-ün satışa çıxmasından bir neçə ay öncə özünün Chevy Bolt adlı elektrik avtomobilini
təqdim etdi. Hər halda Elon Musk-ın əlində bir sıra sürprizlər var. Çox güman
ki, o bu 2 elektrik avtomobilin bir dəfə şarj olunma ilə nə qədər məsafə qətt
edəcəyini müqayisə edəcək.
Keçən il “Tesla” bildirmişdi ki, onun avtomobili,
346 km-dən çox yol qətt edə biləcək. Lakin nə qədər çox? Chevy Bolt, 384 km yol
qətt etmək bacarığına sahibdir. Elektrik avtomobilinin baza modeli üçün bu cür
məsafə yüksək göstəricidir. Lakin çətinki Elon Musk, rəqibin onu keçməsinə
imkan versin. Analitiklərin verdikləri məlumatlara əsasən 2040-cı ilə kimi
dünyada satılacaq avtomobillərin 54%-i elektriklə çalışacaq. Bir neçə gün
bundan öncə Fransanın ətraf mühitin qorunması işinə baxan naziri bildirmişdi
ki, həmin vaxta kimi ölkə, yanacaq ilə çalışan avtomobillərə qadağa qoyacaq. Bu
cür ideyanı həmçinin İngiltərə də dəstəklədi. Bununla yanaşı “Volvo” şirkəti,
2019-cu ilə kimi qazla çalışan avtomobillərin satışını dayandıracağını
bildirdi. Hamı “Tesla”dan nümunə götürür.
Dizayn:
İndiki gündə bir çox büdcəli elektrik avtomobillərinə
baxdıqda görmək olar ki, onların dizaynları heçdə cəlbedici deyil. Onların çoxu
qəribə dizayn özəlliklərinə sahib kvadrat şəkilli hatchback-lərdir. Heç bir
elektrik avtomobili, Model S kimi eleqant deyil və Model X qədər təəccübləndirmir.
Yeni Model 3-ü, “Tesla”nın 3 model avtomobili sırasında ən eybəcəri
adlandırırlar. Bununla belə cəlbedici olmayan dizayn bir çoxlarını qorxutmadı və
onlar özləri üçün bu modeli almaq xatirinə 1000$-dan çox vəsait ödədilər.
Elektrik avtomobilləri öz inkişaflarının hələ ilkin mərhələsindədirlər. Buna
görə də bu sahənin hələ yuxarı qalxacağı vaxtlar qabaqdadır. Keçən il elektrik
avtomobilləri, ABŞ-da satılmış bütün avtomobillərin cəmi 1%-ni təşkil etdi. Bir
neçə müddət bundan öncə 2600 amerikalı arasında aparılmış sorğu nəticəsində məlum
oldu ki, onların 60%-i hələ də elektrik avtomobillərinin varoluşundan ümumiyyətlə
xəbərsizdir.
Bir çoxları isə bu cür avtomobillərin uzun məsafə qətt etmələrinə
və onların hər zaman şarj məntəqələrini tapa biləcəklərinə şübhə ilə
yanaşırlar. Əgər elektrik avtomobili ilk istehsal edən “Ford” və ya “Nissan” olsaydı,
onda insanlar onun barəsində belə ağızdolusu danışardılarmı? Məhz “Tesla”,
elektrik avtomobilləri belə əla və arzuolunan etdi. Nəqliyyat vasitəsini, təkərlərə
sahib planşetə çevirən “Tesla”, öz avtomobilləri ilə rəqib məhsulları müqayisə
etməyə, alıcıları məcbur etdi. Nəticədə isə insanlar “Tesla” məhsulunu əldə etmək
üçün uzun növbələrə dayanmağa başladılar. Tesla avtomobilinin daxili interyerinə
nəzər yetirdikdə həmin dəqiqə “Apple” şirkəti yada düşür. İndiyənə kimi heç bir
avtomobil istehsalçısı öz avtomobilində mərkəzi cihaz panelini, 17 inç-lik
planşetə əvəz etməyə risk etməmişdi. Belə ki, həmin avtomobil istehsalçıların
çiyinləri arxasında əsrlər boyu dayanan ənənələr var. “Tesla, bu cür
texnologiyaların inkişafda deyil, əsas yer tutan bir vaxtda yarandı” – deyə The
Verge saytının jurnalisti qeyd edib.
Proqram təminatı:
“Tesla” öz avtomobillərinin proqram təminatını, naqilsiz şəbəkə
vasitəsilə yeniləyir. Beləliklə sənayenin digər təmsilçiləri, bu şirkəti keçməkdə
çətinlik çəkə bilər və onların texnologiyaları köhnələ bilər. Məsələn, Tesla
Model S, 5 il bundan öncə satışa çıxıb və həmin vaxtdan bəri yalnız bəzi
avtomobillər öz sistemlərini Wi-Fi vasitəsilə yeniləyirlər. Klassik avtomobil
istehsalçıları, dilerlərdən və vasitəçilərdən asılıdır. “Tesla” isə insanlara
avtomobilləri özü birbaşa satmağa üstünlük verir. Texniki xidmət baxımından vasitəçilərə
güvənmək əvəzinə şirkət, avtomobildə bu və ya digər problemi aradan qaldıra biləcək
sistem yenilənməsini özü təqdim edə bilər.
Gələcək:
“Tesla”, Silikon Vadisinin, avtomobil sənayesində necə vacib
rol oynadığını göstərmək də vacib faktor kimi çıxış etdi. Belə ki, “Tesla”nın
yaranmamasından öncə Silikon Vadisində yalnız bir neçə startap bu sahədə fəaliyyət
göstərirdi. İndi isə hər bir neçə aydan bir “Tesla”nın “potensial” rəqibi
ortaya çıxır. Faraday Future, Lucid Motors, NextEV və digər startaplar, Elon
Musk-ın strategiyası üzrə getməyə çalışırlar. Onlar lüks səviyyəli elektrik
avtomobilləri yaradır və istifadəçi bazası yığırlar. Daha sonra bütün vəsaitləri,
kütləvi bazarda böyük imperiya qurmaq üçün xərcləyirlər. Elon Musk-ın özü bu səviyyəyə
hələ yalnız bir qədər yaxınlaşıb. Onun, elektrik avtomobilləri sahəsində
irimiqyaslı istehsalat prosesi baxımından uğur qazanıb-qazanmayacağı bir çox
faktorlardan asılıdır. Məsələn, onun şirkətinin, kütləvi istehsalat səviyyəsini
qaldırıb qaldırmayacağından.
“10 il bundan öncə Tesla-nı yaratmağımızın məqsədi
dəyişilməz olaraq qalır. Ekoloji nəqliyyatın yaranmasına start vermək üçün biz
qısa zaman ərzində elektrik avtomobillərini kütləvi bazara çıxarmaq iztəyirik” –
deyə Elon Musk, 2013-cü ildə bildirmişdi. Musk qeyd etmişdi ki, bizim indi “Tesla”nı
gördüyümüz vəziyyətə gətirmək üçün o, çox böyük zaman və güc sərf edib. “Bizim
ilk məhsulumuz belə bir böyük uğuru qazana bilməzdi. Çünki biz həmin vaxtda heç
vaxt avtomobil istehsalı ilə məşğul olmamış və irəli zamanda böyüməyə imkanı
olmayan bir startap idik” – deyə Elon Musk bildirib. Elon Musk, sıfırdan yeni
avtomobil brendinin yaranmasının mümkün olmadığı mifini tamamilə məhv etdi.
Daha sonra o bu sənayeni elə dəyişdi ki, həmin sənaye onun gələcək haqqında
konsepsiyasına qulaq asmağa başladı. Sözügedən sənayeni ardınca
aparıb-aparmayacağı isə növbəti bir neçə ay ərzində baş verəcəklərdən və yeni
Tesla Model 3 haqqında rəylərdən asılı olacaq. Hyperloop və yeraltı tunellər o
qədər də vacib deyillər. Əsas vacib olan, Model 3 ilə nə baş verəcəyini izləməkdir.
Belə ki, məhz bu avtomobil, gələcəyin necə olacağını bizə göstərəcək.
Mənbə: www.Theverge.com (Andrew J. Hawkins)
Paylaş
Bənzər xəbərlər