Logo
    main-post-cover

    Ubisoft əməkdaşları iş ixtisarları və ofisə qayıdış qərarına etiraz olaraq tətilə çıxdı

    Digər
    12.02.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Ubisoft şirkətində vəziyyət gərgin olaraq qalır. Fransa və İtaliyada fəaliyyət göstərən azı 1200 əməkdaş üç günlük tətilə başlayıb. Tətil şirkətin son restrukturizasiya qərarına, yeni iş ixtisarlarına və ofisə qayıdış tələbinə etiraz olaraq təşkil edilib.
        Etiraz aksiyası fevralın 10-da start götürüb. Buna səbəb ötən ay elan edilən genişmiqyaslı struktur dəyişikliyidir. Şirkət bu dəyişikliklər çərçivəsində altı oyunun ləğv olunduğunu açıqlayıb. Ləğv edilən layihələr arasında uzun müddətdir gözlənilən “Prince of Persia: The Sands of Time” remeyki də var. Ubisoft rəhbərliyi bildirir ki, restrukturizasiya şirkətin maliyyə vəziyyətini yaxşılaşdırmaq və uzunmüddətli inkişafını təmin etmək məqsədi daşıyır.
         Bununla yanaşı, şirkət son illərdə artıq ciddi ixtisarlar həyata keçirib. 2022-ci ildə təxminən 21 min əməkdaşı olan Ubisoft-un işçi sayı ötən ilin noyabrına qədər 17097 nəfərə düşüb. Xərclərin azaldılması məqsədilə aparılan ixtisarların yeni struktur dəyişiklikləri ilə daha da artacağı gözlənilir.
         Restrukturizasiya elan edildikdən bir həftə sonra şirkət Paris qərargahında könüllü işdən ayrılma proqramına start verdiyini açıqlayıb. Bu proqram çərçivəsində təxminən 200 əməkdaşın işdən ayrılması planlaşdırılır.
    Paylaş