Xbox Year in Review 2025 nə vaxt çıxacaq?
Technote.az “Forbes” platformasına istinadən bildirir ki, ilin sonu yaxınlaşdıqca müxtəlif platformaların istifadəçilərə öz illik fəaliyyətlərini göstərdiyi xüsusi xülasələr də dövrəyə girir. Spotify Wrapped, YouTube Recap və PlayStation Wrap-Up kimi illik hesabatlara oyun şirkətləri də qoşulur. Microsoft-un Xbox istifadəçiləri üçün hazırladığı “Xbox Year in Review” də bu ənənənin vacib hissəsidir.
Keçənilki xülasədən sonra Xbox komandası “2025-də görüşərik” deyərək builki buraxılışın da baş tutacağını təsdiqləmişdi. Buna görə Xbox Year in Review 2025-in yaxın günlərdə təqdim olunacağı gözlənilir. Bu hesabat oyunçulara il ərzində hansı oyunları oynadıqlarını, neçə saat vaxt sərf etdiklərini və Game Pass-də ən çox hansı layihələrə üstünlük verdiklərini göstərir.
Dəqiq tarix hələ açıqlanmasa da, əvvəlki illərin cədvəlinə əsaslanaraq bir proqnoz vermək mümkündür. Microsoft-un bu xüsusiyyəti PlayStation Wrap-Up-la eyni gündə təqdim etməsi ehtimalı azdır. PlayStation Wrap-Up isə son üç ildə ardıcıl olaraq dekabrın ikinci çərşənbə axşamı aktivləşdirilib. Bu il həmin tarix 9 dekabr olduğuna görə, Xbox-un öz illik xülasəsini bu gündən fərqli bir tarixdə, çox güman ki, cari həftə ərzində təqdim edəcəyi gözlənilir.
Paylaş