“Yaşıl Dünyanı Yarat! -2” hakatonunda rəqəmsal ekoloji həllər təqdim olunub
“ASAN xidmət” və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu keçirilib.
Technote.az xəbər verir ki, tədbir ekoloji problemlərə texnoloji yanaşmanı təşviq edib.
Hakatonun məqsədi gənclərin innovativ və tətbiq oluna bilən rəqəmsal həllər hazırlamasını dəstəkləmək olub. İştirakçılar proqram çərçivəsində ekspertlərlə panel müzakirələrdə və təlimlərdə iştirak ediblər.
İki gün davam edən tədbirdə 16 komanda və 64 iştirakçı yer alıb. Layihələr Xəzər dənizinin ekoloji vəziyyəti, su ehtiyatlarının qorunması və ağıllı su idarəetməsi kimi mövzuları əhatə edib.
Bununla yanaşı, təqdim olunan həllər enerji səmərəliliyi, bərpa olunan enerji, yaşıl şəhərlər və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlib. Layihələrdə ekoloji monitorinq və məlumatların süni intellekt vasitəsilə analizi də yer alıb.
Müsabiqənin nəticələrinə əsasən, Bakı Dövlət Universitetinin “BSUstainable” komandası I yerə layiq görülüb. Qaliblərə müvafiq olaraq 2000, 1500 və 1000 AZN məbləğində mükafatlar təqdim edilib.
Paylaş
Bənzər xəbərlər