YouTube CEO-su: “Ən uğurlu yaradıcılar heç vaxt platformanı tərk etməyəcək”
YouTube CEO-su Neal Mohan bildirib ki, platforma populyar kontent yaradıcılarını itirməkdən narahat deyil. Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, o, bu fikirləri The New York Times-un “The Interview” adlı proqramına verdiyi müsahibə zamanı səsləndirib.
Mohan qeyd edib ki, bəzi böyük platformaların məşhur podkast və yaradıcıları öz tərəfinə çəkmək cəhdləri əslində YouTube-un mədəniyyət mərkəzi kimi rolunu təsdiqləyir. Onun sözlərinə görə, rəqiblərin bu addımları “tərifəlayiq”dir.
Müsahibə zamanı Oscar aparıcısı Conan O’Brien-in YouTube-la bağlı zarafatlarına da toxunan Mohan, onun yumorunu yüksək qiymətləndirib və əlavə edib ki, “Team Coco” kanalı YouTube-da uğurla fəaliyyət göstərir.
Netflix-ə keçid edən “The Breakfast Club” və “My Favorite Murder” kimi məşhur podkastlara baxmayaraq, Mohan hesab edir ki, yaradıcılar YouTube-u öz əsas platformaları kimi görməyə davam edirlər. Onun sözlərinə görə, o, indiyə qədər bütün kontentini YouTube-dan tamamilə silən hər hansı böyük yaradıcı ilə qarşılaşmayıb.
Mohan vurğulayıb ki, yaradıcılar digər platformalarla əməkdaşlıq etsələr belə, uzunmüddətli perspektivdə YouTube-un onlar üçün “ev” olduğunu anlayırlar və bu səbəbdən platformanı tam tərk etmirlər.
Paylaş