main-post-cover

    Android 12-yə smartfonlardakı yaddaşa qənaət üçün faydalı funksiya əlavə edilə bilər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    13.01.2021
    Emil Nəcəfov
        Yaxın aylarda Android 12 əməliyyat sisteminin ilk beta versiyasının təqdim olunacağı gözlənilir. Yeni Android versiyası barəsində hələki heç bir məlumat yoxdur. Lakin XDA-Developers saytının tərtibatçıları Android Open Source Project-in (AOSP) kodunda Android 12-də reallaşdırıla biləcək yeni funksiyanın izlərini aşkar ediblər. Söhbət, tətbiqləri xüsusi hibernasiya rejiminə keçirdəcək funksiyadan gedir.
        Yeni funksiyanın mövcudluğunu hələki AOSP-dəki bir neçə sətr koda görə müəyyən etmək olar. Təsvirə əsasən istifadəçi tərəfindən istifadə olunmayan tətbiqlər xüsusi hibernasiya vəziyyətinə keçid edə bilərlər. Bu isə öz növbəsində həmin tətbiqlərin smartfon yaddaşında tutduqları yeri optimizasiya etməyə imkan verəcək. Bu prosesin necə reallaşacağı barəsində bir məlumat yoxdur.
        Hal hazırda tərtibatçılar güman edirlər ki, sistem istifadəçi tərəfindən istifadə olunmayan tətbiqləri avtomatik şəkildə təyin edəcək və smartfon yadaşındakı yerə qənaət etmək üçün həmin tətbiqləri bir növ sıxacaq. İstifadə olunmayan tətbiqlərdən hansısa yenidən işə salınsa o, əvvəlki vəziyyətinə geri qayıdacaq. Yəni həmin tətbiq smartfon yaddaşında nə qədər yer tuturdusa ona geridönüş edəcək. Google şirkətinin dəqiq şəkildə bu funksiyanı Andorid 12-yə əlavə edəcəyi üzrə heç bir zəmanət yoxdur. Şirkət onu daha sonrakı Android versiyalarına əlavə edə və ya ümumiyyətlə bu funksiyadan imtina edə bilər.
    Linki kopyala