Logo
    main-post-cover

    Android 14-də fiziki SIM kartları eSIM-ə konvertasiya etmək mümkün olacaq

        İnsayderlərin verdikləri məlumata əsasən bu il istifadəyə veriləcək Android 14-də fiziki SIM kartları eSIM-ə konvertasiya etmək mümkün olacaq. Buna bir neçə müddət bundan öncə tərtibatçılar üçün Android 14-ün istifadəyə verilmiş ilk beta versiyasında (Android 14 Developer Preview 1) olan gizli ayarlar işarə edirlər. Qeyd etmək lazımdır ki, mobil cihazlar bazarında fiziki SIM kartlardan tamamilə imtina etmiş ilk şirkət məhz Apple oldu. Belə ki, şirkət ABŞ bazarında yeni iPhone-ları fiziki SIM kartsız satışa çıxartmağa başlayıb.
        Bu addımla Apple mobil operatorları eSIM-in geniş şəkildə inteqrasiyasına məcbur edib. Görünür, Google şirkəti də tədricən eSIM-ə keçid etməyi hədəfləyib. Bu istiqamətdə istifadəçilər fiziki SIM kartları eSIM-ə konvertasiya etmək imkanını əldə edəcəklər. Beləliklə verilmiş məlumata əsasən Android 14 Developer Preview 1-də “eSIM-ə çevirmək” adlı gizli funksiya aşkar edilib. Əməliyyat sistemi daxilində bu funksiyanı əhatə edən səhifə hələ tam şəkildə hazır deyil. Bu isə o deməkdir ki, Google tərtibatçıları yeni funksiya üzərində çalışmağa davam edirlər.
        İnsayderlərin sözlərinə əsasən Android 14-də eSIM-in müxtəlif cihazlar arasında köçürülməsi imkanı reallaşdırılacaq. Bu isə ənənəvi fiziki SIM kartlardan imtinaya istiqamətlənmiş daha bir addımdır. “eSIM-ə çevirmək” funksiyası özü-özlüyündə çalışmır. Çünki onun çalışması üçün əlavə resurslar lazımdır. Görünür, fiziki SIM kartların eSIM-ə konvertasiya olunmaası özəlliyi heç də bütün SIM kartlar üçün çalışmayacaq. İlk növbədə müvafiq mobil operator öz şəbəkəsində eSIM dəstəyini reallaşdırmalıdır. Bu səbəbdən də sözügedən funksiyanın geniş şəkildə yayılması bir qədər vaxt alacaq. 
    Paylaş
    Bənzər xəbərlər