main-post-cover

    Apple iOS 17 əməliyyat sistemi təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    06.06.2023
    Emil Nəcəfov
        Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində iOS 17 əməliyyat sistemini təqdim edib. Təqdim edilmiş iOS 17-də çoxlu sayda dəyişiklik və yenilik yoxdur. Lakin olanlar da istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Məsələn Apple iOS 17-də telefon zəngləri üçün nəzərdə tutulmuş Phone adlı tətbiqi yeniləyib. Beləliklə iOS 17-də istifadəçiləri tamamilə emal edilmiş yeni Phone tətbiqi gözləyir. Yenilənmiş Phone tətbiqində reallaşdırılmış əsas yenilik ondan ibarətdir ki, istifadəçiyə zəng daxil olan zaman zəng edənin fotosu ekranda tam şəkildə əks olunacaq. İstifadəçi həmçinin digərlərinə zəng edən zaman onların smartfonlarının ekranlarında necə əks olunacağını özü ayarlaya biləcək.
        Beləliklə istifadəçi digər şəxslərə zəng zamanı onların smartfonlarında əks olunacaq fotonu istədiyi kimi ayarlaya biləcək. Məsələn fotoya müxtəlif yazıları əlavə etmək və ya onun tərzini dəyişmək mümkün olacaq. Bununla yanaşı səsli mesajın yazılması zamanı daxil olan zəng çərçivəsində istifadəçi yazılmış səsli mesajı ekranda mətn formatında görə biləcək. FaceTime istifadəçiləri üçün maraqlı bir funksiya təqdim edilib. Belə ki, istifadəçi hər hansısa şəxs zəng edən zaman həmin şəxs zəngə cavab vermədiyi halda istifadəçi onun üçün video mesaj göndərmək imkanına sahib olacaq.
        Apple iOS 17 çərçivəsində iMessage-də də bəzi yenilikləri reallaşdırıb. Məsələn iMessage-də səsli mesajların mətn formatında əks olunmaları imkanı reallaşdırılacaq. Bununla yanaşı iMessage daxilində istənilən mesaja stiker vasitəsilə reaksiya bildirmək mümkün olacaq. İstifadəçilər stikerləri həmçinin videolardan da yarada biləcəklər. Apple bildirib ki, iOS 17-də virtual klaviatura vasitəsilə mesajların yazılması indiyənə kimi heç olmadığı qədər daha rahat olacaq. Bunun üçün şirkət neyron şəbəkələrindən istifadə edəcək. Bunun sayəsində virtual klaviatura istifadəçinin ondan istifadə tələblərinə əsasən avtomatik şəkildə optimizasiya ediləcək.
        Klaviatura həmçinin istifadəçinin vərdişləri əsasında ona müəyyən sözləri və cümlələri də təklif edəcək. Apple bu dəfə məlumatların Apple cihazları arasında mübadisləri üçün nəzərdə tutulmuş AirDrop servisini də unutmayıb. Şirkət AirDrop servisi daxilində NameDrop adlı funksiyanı təqdim edib. Bu funksiya çərçivəsində iki istifadəçi iPhone-larını və ya iPhone-ları ilə Apple Watch-larını bir-birilərinə aşağıdakı fotoda olduğu kimi yaxınlaşdıran zaman cihazlardakı kontaktların mübadiləsi reallaşdırılacaq. Eyni üsul ilə digər məlumatlar da bir cihazdan digərinə ötürüləcək.
        Şirkət iOS 17-də yeni sistem tətbiqini təqdim edib. Söhbət, Journal adlı tətbiqdən gedir. Bu bir növ istifadəçinin fərdi gündəliyidir. İstifadəçi onda hansısa xatirələrini və ya hadisələri qeyd edə biləcək. Qeyd edilmiş məlumatlar isə xronoloji lent şəklində gözəl kartlar tərzində əks olunacaqlar. İnsayderlərin daha öncədən vermiş olduqları məlumatlarda olduğu kimi iOS 17 StandBy adlı yeni funksiyanı əldə edib. iPhone üfüqi şəkildə yerləşən zaman bu funksiya smartfonu smart ekrana çevirir.
        Smart ekran rejimində smartfon ekranında zaman, təqvim, musiqi playeri, fotolar və s. məlumatlar əks olunurlar. Ən əsas yeniliklərdən biri də odur ki, bundan sonra istifadəçilər Siri səsli köməkçisini işə salmaq istəyən zaman “Hey Siri” səsli əmri əvəzinə sadəcə olaraq “Siri” səsli əmrini verməli olacaqlar. iOS 17-nin tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası artıq aktivdir. Yeni əməliyyat sisteminin ictimai beta testinə isə gələn ay start veriləcək.
    Linki kopyala