main-post-cover

    Apple iOS istifadəçilərinə tətbiqləri kənar resurslardan yükləməyə icazə verəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    14.12.2022
    Emil Nəcəfov
        Bir neçə aydan sonra Avropa Birliyində yeni antimonopoliya qanunu qüvvəyə minə bilər. Qəbul edilməsi gözlənilən yeni antimonopoliya qanunu 2024-cü ildən Apple şirkətini öz ekosistemini proqram təminatı üzrə kənar tərtibatçılara açıq etməyə məcbur edə bilər. Nəticədə iOS istifadəçiləri App Store platformasından yan keçərək proqram təminatlarını öz cihazlarına kənar resurslardan yükləyə biləcəklər. Bununla yanaşı iOS üçün nəzərdə tutulmuş alternativ tətbiq mağazalarının da istifadəyə verilməsi istisna edilmir. Apple şirkəti öz tarixi ərzində fərdi ekosisteminin qapalı olması ilə tanınıb. Android istifadəçilərinin öz cihazlarına proqram təminatlarını Google Play-dən kənar olan resurslardan yükləyə bildikləri bir vaxtda Apple şirkəti bu cür imkanın öz istifadəçilərinə təqdim edilməsinə həmişə qarşı çıxıb.
        Avropanın antimonopoliya qanunvericiliyi şirkəti tətbiqlərin quraşdırılması üzrə olan siyasətinə dəyişikliklərin edilməsinə məcbur edir və şirkət tərəfindən yeni antimonopoliya qanunun pozulması halında o öz illik qlobal gəlirinin 20% həcmi dəyərində cərimə ilə qarşılaşa bilər. Faktiki olaraq bu halda təyin ediləcək cərimənin miqdarı 80 milyard dollara yaxın ola bilər. Bu cür yüksək vəsaitli cərimə səbəbilə Apple nəticədə yeni antimonopoliya qanununu qəbul etməyə hazırdır. Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti tətbiqlərin quraşdırılması üzrə siyasətinə vacib dəyişikliklərin əlavə edilməsi məsələsi üzərində artıq çalışır. Məlumatda qeyd edilib ki, istifadəçilər tətbiqlərin kənar resurslardan quraşdırılması imkanını artıq iOS 17 versiyalarından birinin istifadəyə verilməsi ilə əldə edə bilərlər. iOS 17 isə öz növbəsində gələn il təqdim olunacaq.
        Avropa Birliyi regionunda qüvvəyə minəcək yeni antimonopoliya qanununa əsasən əgər şirkətin bazar dəyəri 75 milyard avrodan yüksəkdirsə, və onun ekosistemində olan müvafiq tətbiqlərin ümumi istifadəçi kütləsi Avropa Birliyi regionu üzrə 45 milyon insandan çoxdursa, həmin şirkət öz ekosistemini kənar tətbiq tərtibatçılarına açıq etməlidir. İndiyənə kimi Apple şirkəti öz ekosisteminin qapalı olmasını istifadəçi məlumatlarının konfidensiallıqlarını qorumaqla əlaqələndirib. Avropanın antimonopoliya qanunvericiliyinə tabe olmaqla aydın məsələdir ki, şirkət müəyyən güzəştlərə gedəcək. Lakin bununla belə şirkət istifadəçilər tərəfindən kənar resurslardan yüklənəcək tətbiqlərin təsdiqlənməsi özəlliyini qoruyub saxlamaq istəyir. Bu prosesə görə də isə kənar tətbiq tərtibatçıları şirkətə müyyən vəsaitdə komissiya ödəməli olacaqlar.
    Linki kopyala