main-post-cover

    Apple şirkəti iOS 14-ü təqdim etdi: Əsas yeniliklər nələrdir?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.06.2020
    Farid Pardashunas
        Online formatda keçirilmiş WWDC 2020 tədbiri çərçivəsində Apple şirkəti iOS 14 əməliyyat sistemini təqdim edib. Yeni əməliyyat sistemində çoxlu sayda dəyişikliklər olduğu üçün şirkət onu təcrübi adlandırıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumatlar yayılmışdı ki, Apple şirkəti iOS-i iPhoneOS adı ilə əvəz edəcək. Lakin görünür, bu baş vermədi. Əməliyyat sisteminin adı olduğu kimi qalıb. Beləliklə sözügedən əməliyyat sisteminin mövcud olduğu bütün zaman ərzində ilk dəfə olaraq onun ana ekranı tamamilə dəyişilib. Əvvəlcədən də gözlənildiyi kimi iOS 14-də vidjetlər dəyişdirilib. Belə ki, bundan sonra onların ölçülərini dəyişmək və onları ana ekranda tətbiq ikonlarının yanında yerləşdirmək mümkün olacaq.
        Ənənə üzrə vidjetlər standart olaraq ekranın sol hissəsində ayrı şəkildə yerləşirlər. Lakin istəyə uyğun olaraq onları tamamilə başqa yerə də keçirtmək olar. Yeni iOS 14-də həmçinin smart vidjet də istifadəyə verilib. Onun daxilindəki kontent günün saatından və digər şərtlərdən asılı olaraq dəyişir. İstifadəçi interfeysində reallaşdırılmış daha bir vacib yenilik App Library bölməsinin əlavə edilməsidir. Apple şirkəti başa düşür ki, tətbiqlərin sayı çoxdur və onların standart olaraq ana ekranda yerləşmələri artıq köhnəlmiş üsuldur. Buna görə də iOS 14-ə yeni istifadəçi ekranı əlavə edilib və o, ana ekranın sağ hissəsinin ən sonunda yerləşir. Həmin ekranda bütün tətbiqlər kateqoriyalar üzrə qruplaşırlar. App Library ekranının yuxarı hissəsində istifadəçiyə faydalı ola biləcək və sonuncu dəfə işə salınmış tətbiqlər əks olunacaqlar.
        Bundan əlavə olaraq hər bir kateqoriyanın qovluğu üzərində ən çox istifadə olunan proqram təminatı əks olunur. Bu isə öz növbəsində onları daha sürətli şəkildə işə salmağa yardımçı olur. App Library ekranının yuxarı hissəsində axtarış sistemi yerləşir. Ona klik edən zaman smartfona quraşdırılmış bütün tətbiqlərin siyahısı göstərilir və əlifba sırası ilə axtarış aktiv olur. İstifadəçilər tərəfindən çoxdan gözlənilən yenilik də sonunda reallaşdırılıb. Söhbət, picture-in-picture rejimindən gedir. Bu funksiya sayəsində istifadəçi digər tətbiqlərdən istifadə edərək kiçik pəncərədə hansısa videonu izləyə və ya kiminləsə videozəng vasitəsilə danışa bilər.
        Picture-in-picture rejimi vasitəsilə əks olunan pəncərəni ekranın istənilən hissəsinə sürüşdürmək və ya onun ölçüsünü dəyişmək olar. İstifadəçi öz istəyinə uyğun olaraq kiçik pəncərəni kənara sürüşdürərək onu gizlədə bilər. Pəncərə gizlədilən zaman onun daxilində əks olunan kontentin səsi gəlməyə davam edəcək. Beləliklə istifadəçi istənilən vaxt həmin pəncərəni geri qaytara bilər. Apple ekosisteminin əsas özəlliklərindən biri olan Siri səsli köməkçisinin də interfeysi dəyişilib. Belə ki, onu aktivləşdirəndən sonra səsli köməkçinin ekranı böyük ölçüdə açılmır. Bunun yerinə istifadəçi səsi ilə hansısa əmri səsləndirən vaxtda ana ekranın aşağı hissəsində xüsusi animasiya ortaya çıxır. Lazımi bütün məlumatları Siri bildiriş formasında ekranın yuxarı hissəsində əks etdirir.
        Apple şirkəti Siri-nin interfeysini yeniləməklə yanaşı həmçinin onun imkanlarını da genişləndirib. Əsasən səsli köməkçinin tərcümə bacarığı təkmilləşdirilib. Bunun üçün Siri daxilində ayrıca tətbiq reallaşdırılıb. Onun sayəsində müxətlif ölkələrdən olan insanlar bir-biriləri ilə ünsiyyət qura bilərlər. Bu halda sistem tərcümə prosesini avtomatik şəkildə reallaşdıracaq. Nəzərə çarpan digər bir yenilik App Clips-dir. Bu, ənənəvi tətbiqlərin mini versiyalarıdır. Müasir dövrdə bir çox şirkətlər, restoranlar şəbəkəsi və s. kimi müəssisələr fərdi mobil tətbiqlərə sahibdirlər. Apple şirkəti isə həcmi 10 MB-ı keçməyən bu cür tətbiqlərin sadələşdirilmiş versiyalarını fikirləşib.
        Bu cür tətbiqlər yalnız lazım olduqları zaman işə düşürlər. Onların aktivləşdirilməsi üçün NFC işarə, xüsusi QR şifrə və ya digər texnologiyalar lazım olacaq. Apple şirkəti bu cür tətbiqlərin yaradılması üçün nəzərdə tutulmuş sadə alətləri tərtibatçılara təqdim etməyə söz verib. Bəlkə də ən çox gözlənilən dəyişikliklərdən biri də telefon zəngləri ilə bağlıdır. Belə ki, bundan sonra daxil olan zəng barədə məlumat ekranın bütün hissəsini əhatə etməyəcək. Bunun yerinə ekranın yuxarı hissəsində daxil olan zəngin qəbul edilib-edilməməsi barəsində kiçik bildiriş əks olunacaq. iOS 14-ün stabil versiyası bu ilin payız fəslində təqdim olunmalıdır. Tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiya artıq aktivdir. Adi istifadəçilər üçün olan beta versiya isə gələn ay təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər