main-post-cover

    Google Fuchsia OS adlı yeni əməliyyat sistemini istifadəyə verib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    25.05.2021
    Emil Nəcəfov
        Uzun illər ərzində olmuş gözləntilərdən sonra Google şirkəti sonunda Fuchsia OS adlı yeni əməliyyat sistemini istifadəyə verib. İstifadəçilər sözügedən əməliyyat sistemini əldə etməyə başlayıblar. Lakin qeyd etmək lazımdır ki, söhbət, Android-i əvəz edəcək əməliyyat sistemindən getmir. Fuchsia OS barəsində ilk məlumatlar hələ 2016-cı ildə ortaya çıxmışdı. Həmin vaxtda əməliyyat sisteminin kodu GitHub-da aşkar edilmişdi. 5 il ərzində müxtəlif sayda məlumatlar yayılırdı ki, bu əməliyyat sistemi Android ilə Chrome OS-in universal davamçısı olacaq. Reallıq isə tamamilə fərqli oldu. Sıfırdan hazırlanmış bu əməliyyat sistemi OTA yenilənmə şəklində artıq Google Nest Hub adlı birinci nəsil smart ekranlar üçün istifadəyə verilib.
        Sözügedən yeni əməliyyat sistemi həmin smart ekranlarda Cast OS-i əvəz edir. Fuchsia OS hələ ki, məhdud sayda istifadəçi üçün istifadəyə verilib və yaxın zamanda daha çox istifadəçi onu əldə edəcək. Məlumatda qeyd edilib ki, Nest Hub istifadəçiləri əməliyyat sisteminin dəyişməsi halında elə də ciddi dəyişikliklər hiss etməyəcəklər. Belə ki, istifadəçi interfeysi ilə dəstəklənən funksiyalar eyni olaraq qalıblar. Çox güman ki, yeni əməliyyat sisteminin gələcəkdəki yenilənmələri vasitəsilə təqdim olunacaq funksiyalar ciddi fərqi hiss etməkdə yardımçı olacaqlar. Fuchsia OS-in daha hansı cihazlarda istifadəyə veriləcəyi bilinmir. Hələ 2019-cu ildə Google təmsilçisi bildirmişdi ki, onlar Fuchsia OS-i mobil telefonlarda, kompüterlərdə və IoT cihazlarda (Internet of Things) istifadə etməyi nəzərdən keçirdirlər.
    Linki kopyala