Logo
    main-post-cover

    iPhone istifadəçiləri üçün kənar resurslardan tətbiq yükləmə imkanı hazırlanır

    Əməliyyat sistemləri
    13.11.2023
         Avropa qanunvericiliyi iPhone istifadəçilərinə kənar resurslardan tətbiqlərin quraşdırılması imkanının təqdim olunmasını Apple şirkətindən tələb edir. Görünür, şirkət Avropa Birliyi regionunda antimonopoliya qanunvericiliyinə riayət üçün istifadəçilərinə bu cür imkanın təqdim edilməsi yolunda yavaş-yavaş irəliləyir. Belə ki, bunun sübutu iOS 17.2-də aşkar edilib. Hal hazırda iPhone istifadəçiləri öz smartfonlarına tətbiqləri yalnız App Store-dan yükləyə bilirlər. Lakin keçən il Avropa Birliyində rəqəmsal bazarlar qanunu (DMA) qəbul edilmişdi.
         Sözügedən qanun böyük texnoloji şirkətlərin bazardakı rəqabət səviyyəsini aşağı salmaq üçün istifadə etdikləri üstün mövqelərini aradan qaldırmağa istiqamətlənib. Bu qanunun əsas tələblərindən biri də istifadəçilərə tətbiqləri müxtəlif resurslardan yükləmə imkanının təqdim edilməsidir. Daha öncə məlumat verilmişdi ki, Apple iOS cihaza tətbiqlərin kənar resurslardan yüklənməsi imkanı üzərində çalışır. İnsayderlər isə bunun sübutunu iOS 17.2-nin kodunda aşkar ediblər. Belə ki, sözügedən əməliyyat sisteminin kodunda Managed App Distribution adlı framework aşkar edilib.
         İlk öncə güman edilirdi ki, sözügedən API korporativ tətbiqlərin quraşdırılması funksiyası üçün nəzərdə tutulub. Lakin böyük ehtimal ilə şirkət daha böyük yenilik üzərində çalışır. İnsayderlər sistemdə kənar resursların tətbiqləri quraşdırmalarına istiqamətlənmiş yeni icazənin olduğunu öyrəniblər. Yeni API kənar resurslardan tətbiqlərin yüklənməsi, quraşdırılması və yenilənməsi üçün nəzərdə tutulmuş baza elementlərinə sahibdir. API özündə həmçinin regional bloklamanı da birləşdirir. Bu isə Apple şirkətinin bu yeniliyi müəyyən ölkələrdə istifadəyə vermək istəməsinə işarə edir.
    Paylaş