main-post-cover

    Microsoft Windows 11-i təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    24.06.2021
    Farid Pardashunas
        What’s Next for Windows adlı xüsusi tədbir çərçivəsində Microsoft şirkəti Windows 11 əməliyyat sistemini təqdim edib. Təbii ki, bu, sürpriz bir hadisə olmadı. Belə ki, yeni əməliyyat sistemi barəsində məlumatlar hələ bir neçə həftə bundan öncə ortaya çıxmağa başlamışdılar. Beləliklə Windows 11 yeni redizayn və yeni funksiyalar əldə edib. Windows 11 istifadəçiləri yenilənmiş istifadəçi interfeysi ilə qarşılayır. Beləliklə tətbiqlər ikonu və Start menyusu Taskbar-ın mərkəz hissəsində yerləşir. Windows 10-da olan kərpic formalı dizaynlar artıq keçmişdə qalıb. Start menyusunda isə seçilmiş tətbiqlərin ikonları və sistem tərəfindən məsləhət görülən elementlər yerləşirlər. Sistem tərəfindən məsləhət görülən elementlər dedikdə isə istifadəçiyə müəyyən anda faydalı ola biləcək tətbiqlər ilə fayllardan söhbət gedir.
        Microsoft şirkəti Windows 11-də vidjetlər mərkəzi yaradılıb. Həmin vidjetlər mərkəzində hava proqnozu, təqvim, səhmlərin kursları, son xəbərlər və s. kimi məlumatlar əks olunurlar. Kənar tərtibatçılar da öz vidjetlərini yarada bilərlər. Buna görə də istifadəçilər vidjetlər mərkəzini öz istəklərinə uyğun ayarlaya biləcəklər. İstifadəçi hətta öz istəyinə uyğun olaraq vidjetlər mərkəzini bütöv ekran rejiminə də keçirdə bilər. Bununla belə vidjetlər mərkəzi ekranın ölçüsünə uyğun olaraq avtomatik şəkildə ölçü əldə edir. Windows 11-də bütün tətbiqlərin pəncərələri ilə menyular dairəvi künclər əldə ediblər. Bundan sonra istifadəçi hər hansısa tətbiqin bütöv ekranda əks olunması rejimini mümkün edən ikona klik edərsə, həmin tətbiqin ekranda nə cür yerləşməsi üzrə 6 seçim variantı əks olunacaq. Bunun sayəsində istifadəçi eyni anda bir neçə tətbiqlə çalışa biləcək.
        Bundan əlavə olaraq ayrı-ayrı bir neçə iş mühitini yaratmağa imkan verən desktopların dəyişdirilməsi menyusu tamamilə sıfırdan hazırlanıb. Microsoft Store mağazası da ciddi dəyişikliklərə uğrayıb. Microsoft Store-da reallaşdırılmış ən vacib yenilik isə ondan ibarətdir ki, ona Amazon AppStore Android tətbiqlərin dəstəyi əlavə edilib. Məlumatda qeyd edilib ki, Windows 11-də Android tətbiqlərin işə salınması üçün Intel tərəfindən hazırlanmış və körpü funksiyasını daşıyan element iştirak edir. Həmin element isə Windows 11-in Android tətbiqlər ilə uyğunlaşmasına şərait yaradır. Microsoft təmsilçilərinin sözlərinə əsasən yeni əməliyyat sistemində Android tətbiqlərin işə salınması prosesi tamamilə hamar şəkildə reallaşdırılacaq.
        Tərtibatçılar üçün olan vacib xəbər isə ondan ibarətdir ki, onlar Microsoft Store daxilində öz ödəniş sistemlərindən istifadə edə biləcəklər. Bu halda onlar Microsoft-a 30%-lik komissiya haqqı ödəməyəcəklər. Windows 11-də gamerlər üçün də bir sıra yeniliklər reallaşdırılıb. Buna misal olaraq Auto HDR funksiyasının dəstəyini misal gətirmək olar. Bu funksiya DirectX 11 DirectX 12 dəstəkli bir çox oyunlarda avtomatik olaraq geniş diapazonu aktivləşdirir. Qeyd etmək lazımdır ki, bunun üçün HDR dəstəkli ekran lazımdır. Bununla yanaşı Xbox Game Pass servisi sistemə sıx inteqrasiya edilib. Xbox tətbiqinin daxilində isə XCloud streaming servisi yerləşir.
        Windows 11-in yaradılması zamanı tərtibatçılar əməliyyat sisteminin performansına xüsusi diqqət ayırıblar. Sistemin özü az yer tutacaq. Sistem üçün olacaq yenilənmələr isə 40% daha kiçik həcmli olacaqlar. Yenilənmələrin quraşdırılması bundan sonra fon rejimində baş verəcək. Buna görə də kompüterin yenidən işə salınması zamanı yenilənmələrin sistemə quraşdırılması üçün gözləmək lazım olmayacaq. Windows 11-də yeniliklər əslində daha çoxdur. Misal olaraq Microsoft Teams platformasının sistemə daha sıx inteqrasiyasını, əməliyyat sisteminin planşetlərdə daha yaxşı çalışmasını, bir neçə ekran dəstəyini, səsli idarəetmənin təkmilləşdirilməsini, yenilənmiş standart tətbiqləri və s. gətirmək olar. Windows 11 bu ilin payız fəslində istifadəyə veriləcək. Onun ilk beta versiyası isə yaxın həftələrdə işıq üzü görəcək. Windows 10-a sahib istifadəçilər pulsuz şəkildə yeni əməliyyat sistemini əldə edə biləcəklər. Yenilənmə isə digər standart yenilənmələrdən heç də fərqlənməyəcək. Vacib olan odur ki, kompüter yeni əməliyyat sisteminin minimal tələblərinə uyğun olsun. Söhbət, aşağıdakı tələblərdən gedir:
    - 1 GHz-dən az olmamaq şərtilə digər tezliklərdə çalışan 64 bit-lik 2 nüvəli prosessor
    - DirectX 12 ilə uyğunlaşan qrafik prosessor
    - 4 GB RAM
    - 64 GB daxili yaddaş həcmi
    - 1366x768 piksel keyfiyyətli 9 düym ekran.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər