1Password AI agentlərinə parolu görmədən giriş verən platforma təqdim etdi
Təhlükəsizlik
25.10.2026
“1Password” süni intellekt agentlərinin parolu görmədən istifadəçi hesablarına daxil ola bildiyi “1Password for Agents” platformasını çıxarıb. Süni intellekt agenti istifadəçinin adından alış-veriş və səyahət sifarişi kimi işləri görən proqramdır. Platforma agentlə hesab arasında təhlükəsizlik qatı yaradır. Hər giriş üçün istifadəçi etibarlı cihazından ayrıca icazə verməlidir.
Sistem əvvəlcə süni intellekt agentini ona aid rəqəmsal açarla tanıyır, sonra sorğunu istifadəçiyə göndərir. İstifadəçi giriş sorğusunu etibarlı cihazda təsdiqləməlidir. Təsdiqdən sonra giriş arxa planda tamamlanır. Ancaq parolun özü və birdəfəlik kodlar agentə göstərilmir. Agent yalnız ona verilən tapşırığı yerinə yetirir və hesabın bütün bölmələrinə daimi giriş əldə etmir.
İndiyədək süni intellekt agenti giriş səhifəsinə çatanda istifadəçi hesab məlumatlarını özü yazmalı idi. Bu mərhələ avtomatik prosesi dayandırır və işi yarımçıq qoyurdu. “1Password” sistemin daha rahat işləməsi üçün “OpenAI”, “Anthropic” və “Meta” ilə də əməkdaşlıq edir. Məqsəd istifadəçi nəzarətini qorumaqla agentlərin onlayn alış-veriş və səyahət sifarişi kimi mürəkkəb işləri sona çatdırmasıdır.
Yenilik yaxın günlərdə ilk olaraq “Grok Bot” və “Meta Muse” üçün işləməyə başlayacaq. “ChatGPT Work”, “Dots” və “Claude Duet” dəstəyi daha sonra əlavə ediləcək, amma dəqiq tarix açıqlanmayıb. “1Password.com” üzərindən işləyən uyğun “Individual” və “Family” planları yeniləməni pulsuz alacaq. “1Password.eu” və “1Password.ca” üzərindən işləyən planlarda bu funksiya olmayacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...