main-post-cover

    Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib

    Təhlükəsizlik
    28.03.2021
    Emil Nəcəfov
        Mobil cihazların təhlükəsizliklərinin təmin olunması sahəsində fəaliyyət göstərən Zimperium adlı şirkətin mütəxəssisləri Android üçün nəzərdə tutulmuş yeni növ zərərli proqram təminatını aşkar ediblər. Aşkar edilmiş zərərli proqram təminatı vacib sistem yenilənməsi kimi maskalanır. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən bu zərərli proqram təminatı System Update adlı tətbiqin daxilinə inteqrasiya edilib. Sözügedən tətbiq isə rəsmi tətbiqlər mağazasından quraşdırılmır.
        Lakin tətbiq cihaza quraşdırılandan sonra o, Firebase serveri ilə əlaqə yaradır. Qeyd etmək lazımdır ki, bu server cihazın uzaqdan idarəsi üçün nəzərdə tutulub. Tətbiq serverlə əlaqə yaradandan sonra o, gizli şəkildə smartfondakı məlumatları hackerlərin serverlərinə ötürməyə başlayır. Bu zərərli tətbiq mesajları, cihazdakı kontaktları, cihaz barəsindəki məlumatları, brauzer qovluqlarını, brauzerdəki axtarış tarixçəsini oğurlaya, cihazın mikrofonu vasitəsilə səsləri və telefon danışıqlarını yaza və o cümlədən cihazın kamerası vasitəsilə fotolar çəkə bilər.
        Bundan əlavə olaraq sözügedən zərərli tətbiq cihazın yerləşdiyi yeri təyin edə, sənəd fayllarını axtara və istifadəçi tərəfindən kopyalanmış məlumatları oğurlaya bilər. Mütəxəssislər bildiriblər ki, bu tətbiq istifadə olunan şəbəkə məlumatlarının həcmlərini kiçildərək və hackerlərin serverlərinə fotoların kiçik ölçüdə olan versiyalarını göndərərək istifadəçi cihazında rahatlıqla gizlənə bilir. Bu səbəbdən də istifadəçilərə kənar resurslarda təklif olunan tətbiqləri yükləməmək məsləhət görülür.
    Linki kopyala