Android-də Valideyn Nəzarəti Necə Edilir? | Google Family Link
Təhlükəsizlik
15.09.2026
Android-də valideyn nəzarəti necə qurulur?
Valideynlərin çoxu bu imkandan xəbərsizdir. Əslində, smartfon vasitəsilə övladın telefonunu idarə etmək, olduğu məkanı öyrənmək, daxil olduğu saytlara qadağa tətbiq etmək, sosial media üçün vaxt limitləri təyin etmək, lazım olanda məktəb rejimini açıb smartfon istifadəsini məhdudlaşdırmaq mümkündür. Bunun üçün Google Family Link tətbiqindən istifadə etmək olar.
Valideyn əvvəlcə öz smartfonunda Play Store-dan Google Family Link tətbiqini yükləməli, daha sonra tətbiqə telefonunda açıq olan Google hesabı ilə daxil olmalıdır. Bu zaman ekranda övladının Google hesabının olub-olmadığı soruşulur. Əgər övladın istifadə etdiyi smartfon və Google hesabı varsa, buradan “Bəli” seçimini etmək lazımdır.
Bu addımdan sonra övladın telefonunda əvvəlcə “Sazlamalar”, daha sonra “Google xidmətləri”, ardınca “Bütün xidmətlər” bölməsinə keçmək lazımdır. Aşağıdakı “Uşaqlar və ailə” bölməsindən “Valideyn nəzarətləri” seçilməlidir.
Burada “Başlayaq” düyməsinə toxunduqdan sonra nəzarət ediləcək Google hesabını seçib “Hesaba nəzarət edin” düyməsinə basmaq lazımdır. Açılan menyuda “Növbəti” seçiminə toxunaraq valideyn öz Google hesabına daxil olmalıdır. Bu mərhələdə məhz valideynin hesab məlumatları tələb edilir.
Əvvəlcə e-poçt ünvanı, daha sonra şifrə daxil edilməlidir. Açılan pəncərədə qaydalarla tanış olduqdan sonra səhifənin ən aşağı hissəsinə keçmək lazımdır.
Son bölmədə isə övladın Google hesabının şifrəsi tələb edilir. Valideyn şifrəni bilmirsə, onu övladından soruşmalıdır. Övlad da şifrəni bilmirsə, telefondakı mövcud Google hesabından çıxış edib şifrəsi məlum olan yeni hesab yaratmaq və göstərilən addımları yenidən yerinə yetirmək olar.
Şifrə daxil edildikdən sonra “Növbəti” düyməsinə toxunmaq lazımdır. Sonda icazə verməklə övladın telefonunun idarəsinin valideynin telefonuna bağlanması təsdiqlənir.
Bundan sonra valideynin smartfonundakı Google Family Link tətbiqində övladın hesab məlumatları görünür. Buradan limitləri və digər idarəetmə parametrlərini asanlıqla tənzimləmək mümkündür.
Məsələn, TikTok istifadəsini gündə 30 dəqiqə ilə məhdudlaşdırmaq, böyüklər üçün nəzərdə tutulan saytlara girişi qadağan etmək, dərs zamanı telefonun kilidlənməsini və gecə istifadəsinin məhdudlaşdırılmasını təyin etmək olar. Ehtiyac yarandıqda isə məkan məlumatlarına bir toxunuşla baxmaq mümkündür.
Bu ardıcıllıq Android əməliyyat sistemli smartfonlar üçündür. Növbəti materialda isə iOS əməliyyat sisteminə sahib cihazlarda valideyn nəzarətinin qurulması izah ediləcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...