Anthropic: Çin AI şirkətləri 24 min saxta hesabla Claude modelini kopyalamağa çalışıb
Təhlükəsizlik
24.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ mərkəzli süni intellekt şirkəti Anthropic üç Çin AI laboratoriyasını, DeepSeek, Moonshot AI və MiniMax-ı öz model imkanlarını qanunsuz şəkildə əldə etməyə çalışmaqda ittiham edib.
Şirkətin rəsmi bloq paylaşımında bildirilir ki, sözügedən laboratoriyalar “distillation attack” adlanan üsulla Claude modelinin imkanlarını kopyalamağa cəhd göstəriblər. Bunun üçün təxminən 24 min saxta hesab yaradılıb və ümumilikdə 16 milyondan çox sorğu-cavab mübadiləsi həyata keçirilib. Anthropic bunu həm xidmət şərtlərinin, həm də regional giriş məhdudiyyətlərinin pozulması kimi qiymətləndirir.
“Distillation” metodu adətən daha böyük və güclü modeldən alınan cavablar əsasında daha kiçik modelin öyrədilməsi deməkdir. Lakin Anthropic iddia edir ki, burada proses kommersiya məqsədli və sistemli şəkildə aparılıb və məqsəd Claude-un imkanlarını birbaşa çıxarmaq olub. Şirkət məsələni milli təhlükəsizlik kontekstində də dəyərləndirib.
Qeyd edək ki, bu, ilk belə ittiham deyil. Yanvar ayında OpenAI da DeepSeek-i oxşar distillation hücumlarında ittiham etmişdi. Lakin həmin vaxt ictimai reaksiyalar birmənalı olmamışdı. Bir çox istifadəçi böyük AI şirkətlərinin öz modellərini müəllif hüquqları ilə qorunan məzmunlar üzərində icazəsiz öyrətməsini xatırladaraq, bu iddiaları ikiüzlü mövqe kimi qiymətləndirmişdi.
Paylaş