Logo
    main-post-cover

    Apple developer xidmətində qısa müddətli kəsinti yaşandı

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple şirkətinin tətbiq təsdiqləmə (verification) serverlərində yaranan qısa müddətli nasazlıq proqram tərtibatçılarının işini müvəqqəti olaraq dayandırdı. Hadisə 10 mart 2026-cı il tarixində baş verib və bir neçə saat davam edib.
    Apple Developer
        Məlumata görə, tərtibatçılar Xcode vasitəsilə hazırladıqları tətbiqləri test etmək üçün onları Apple-ın təsdiqləmə serverləri üzərindən imzalamalı və təsdiqləməlidirlər. Lakin nasazlıq səbəbindən bu proses bir müddət mümkün olmayıb. Sosial şəbəkələrdə, o cümlədən Reddit platformasında paylaşım edən proqramçılar bildiriblər ki, Apple-ın doğrulama serverləri ABŞ-nin şərq saat qurşağına görə təxminən saat 15:00-dan 18:00-a qədər işləməyib.
        Problem xüsusilə müəssisə (enterprise) sertifikatları ilə imzalanmış tətbiqlərin quraşdırılmasına və yeni tətbiq versiyalarının yoxlanılmasına mane olub. Tərtibatçılar tətbiqi işə salmaq istədikdə belə bir mesajla qarşılaşıblar: “Tərtibatçının etibarlılığını yoxlamaq üçün internet bağlantısı tələb olunur. Tətbiq doğrulanana qədər istifadə edilə bilməz”.
        Nasazlıq yalnız enterprise tətbiqlərin quraşdırılmasına deyil, həm də lokal tətbiq quraşdırmalarına və yeni build-lərin test edilməsinə də təsir göstərib. Apple-ın sistem status səhifəsində bildirilib ki, App Store Connect xidmətində yaranmış problem bütün istifadəçilərə təsir edib. Hadisə nəticəsində minlərlə tərtibatçı bir neçə saat ərzində tətbiqlərini yoxlaya və ya quraşdıra bilməyib.
    Paylaş