Apple iOS 27-yə fırıldaq riskini aşkarlayan funksiya əlavə edib
Təhlükəsizlik
16.09.2026
“Apple” “iOS 27”yə “Impersonation Risk Detection” adlı yeni təhlükəsizlik funksiyası əlavə edib. funksiya standart olaraq deaktivdir və istifadəçi onu özü açmalıdır. Yenilik şübhəli fəaliyyəti həmin anda aşkarlayaraq insanları aldatmağa əsaslanan fırıldaqların qarşısını almağa kömək edir. Belə hallarda cinayətkar özünü bankın, dövlət qurumunun nümayəndəsi və ya etibarlı şəxs kimi qələmə verə bilər.
Fırıldaqçılar adətən istifadəçini ödəniş etməyə, bank məlumatlarını paylaşmağa və ya hesab məlumatlarını dəyişməyə razı salırlar. 2 mərhələli təsdiqləmə də həmişə kömək etmir. Çünki əməliyyatı aldadılan istifadəçinin özü yerinə yetirir. Yeni funksiya cihaz və “Apple Account” məlumatlarını yoxlayaraq davam edən fırıldaq əlamətlərini axtarır. Dəstəklənən tətbiqə isə yalnız risk səviyyəsi göndərilir.
Sistem riski 3 səviyyədə qiymətləndirir. “Naməlum” səviyyəsi şübhəli fəaliyyətə dair sübut tapılmadığını göstərir. “Orta” səviyyə bəzi şübhəli əlamətlərin olduğunu, “Yüksək” səviyyə isə ciddi risk aşkarlandığını bildirir. Yoxlama zamanı işlənən cihaz və hesab məlumatları tətbiqlə paylaşılmır.
Tətbiq risk səviyyəsinə əsasən hansı addımı atacağını özü seçir. Məsələn, istifadəçidən kimliyini yenidən təsdiqləməyi istəyə, əməliyyatı gecikdirə və ya fırıldaq barədə xəbərdarlıq göstərə bilər. Ancaq funksiya yalnız onu dəstəkləyən tətbiqlərdə işləyir. “Apple” həmin tətbiqlərin siyahısını hələ açıqlamayıb.
Funksiyanı açmaq üçün “iPhone”da “Settings” bölməsinə daxil olmaq lazımdır. Ardınca “Privacy & Security” və “Impersonation Risk Detection” menyularına keçərək “Share with App Developers” seçimini aktivləşdirmək gərəkdir. Bundan sonra dəstəklənən tətbiqlər risk səviyyəsini ala biləcək. Xəbərdarlıq və görüləcək tədbir tətbiqdən asılı olacaq, yəni bütün tətbiqlər eyni addımı atmaya bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...