Logo
    main-post-cover

    Apple Kanadada bəzi təhlükəsizlik funksiyalarını dayandıra bilər

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Kanadada müzakirə olunan yeni “Bill C-22” qanunu texnologiya şirkətlərini şifrələnmiş məlumatlara hökumət üçün giriş imkanı yaratmağa məcbur edə bilər. Bu isə Apple və Meta kimi şirkətlərin ciddi etirazına səbəb olub.
        Apple bildirib ki, istifadəçi məlumatlarının təhlükəsizliyini zəiflədəcək heç bir “gizli giriş qapısı” yaratmayacaq. Şirkətin sözlərinə görə, belə bir sistem yalnız hökumətlər üçün deyil, kibercinayətkarlar üçün də təhlükəli fürsət yarada bilər. Apple daha əvvəl ABŞ Federal Təhqiqat Bürosu ilə San Bernardino hadisəsindən sonra oxşar mövzuda qarşı-qarşıya gəlmişdi və o vaxt da şifrələməni zəiflətməkdən imtina etmişdi.
        Hazırda iPhone və digər Apple cihazlarında sağlamlıq məlumatları, iMessage və FaceTime yazışmaları, ödəniş məlumatları, Wi-Fi şifrələri və digər həssas məlumatlar standart olaraq “end-to-end” şifrələmə ilə qorunur. Bu sistem sayəsində hətta Apple özü belə həmin məlumatlara daxil ola bilmir.
        Bundan əlavə, istifadəçilər üçün təqdim olunan “Advanced Data Protection” funksiyası iCloud ehtiyat nüsxələri, şəkillər, qeydlər və digər məlumatları da əlavə qoruma altına alır. Lakin Apple xəbərdarlıq edir ki, istifadəçi hesabına giriş imkanını itirərsə, məlumatları geri qaytarmaq mümkün olmaya bilər.
        Şirkət hesab edir ki, Kanada qanunu qəbul edərsə, Böyük Britaniyada etdiyi kimi bəzi təhlükəsizlik funksiyalarını ölkədə deaktiv edə bilər. Daha əvvəl Böyük Britaniyada da oxşar təzyiqlərdən sonra Apple bəzi şifrələmə xüsusiyyətlərini məhdudlaşdırmışdı.
        Apple və Meta bildirir ki, yeni qanun kibertəhlükəsizlik və istifadəçi məxfiliyini risk altına qoya bilər.
    Paylaş