Logo
    Araşdırma: LG televizorları gözləmə rejimində səs yazıb şirkətə göndərir

    Araşdırma: LG televizorları gözləmə rejimində səs yazıb şirkətə göndərir

        Yeni araşdırmada iddia olunur ki, “LG” smart televizorları sahibləri və evdəki digər cihazlar barədə demək olar, fasiləsiz məlumat toplayır. Sınaqlar mağazalarda satılan “LG OLED” modelləri üzərində aparılıb. Nəticələrə əsasən, televizorlar internetdən ayrılanda, hətta gözləmə rejimində olduqda belə bəzi məlumatları qeydə almağa davam edir. İnternet bağlantısı bərpa ediləndən sonra isə bu məlumatların şirkətə göndərildiyi müəyyənləşdirilib.
        İnternet üzərindən ötürülən məlumatların təhlili göstərib ki, televizorlar evin daxili şəbəkəsini yoxlayır. Bununla telefon və smart saat kimi yaxınlıqdakı cihazlar müəyyən olunur. Həmçinin məkan və ətrafdakı simsiz şəbəkələr barədə məlumatlar qeydə alınır. Daha sonra bunlar “LG Ad Solutions” reklam bölməsinə ötürülür. Sınağın nəticələrinə görə, televizor yalnız istifadəçinin nə izlədiyini deyil, ev şəbəkəsindəki cihazları da müəyyənləşdirə bilir.
        Araşdırmada diqqət çəkən əsas məqamlardan biri televizorun mikrofonunun gözləmə rejimində də səs yazmasıdır. Müşahidələrə görə, internet kəsiləndən sonra belə bu proses davam edib. Səs faylları cihazda saxlanılıb və televizor yenidən internetə qoşulan kimi şirkətə göndərilib. Cihazı internetdən ayırmaq məlumat ötürülməsini müvəqqəti dayandırsa da, faylların sonradan göndərilməsinə mane olmayıb.
        Televizorlarda “Automatic Content Recognition” adlı avtomatik məzmun tanıma sistemi də işləyir. Bu texnologiya səs və görüntüdən nümunələr götürərək istifadəçinin nə izlədiyini müəyyən edir. Sistem yalnız televizorun daxili tətbiqlərindəki məzmunu yoxlamır. HDMI vasitəsilə qoşulan cihazlardan gələn görüntü və səsləri də tanıyır. Bu texnologiyadan təkcə “LG” deyil, smart televizor istehsalçılarının demək olar ki, hamısı yararlanır.
        “LG” ilə bağlı oxşar hal iyul ayında monitorlarda da aşkarlanmışdı. Bəzi modellər cihaz məlumatlarını toplayan tətbiqi avtomatik quraşdırırdı. Eyni zamanda digər “LG” tətbiqləri və “McAfee” antivirusu üçün reklam pəncərələri göstərilirdi. Məsələ ictimailəşəndən sonra “Microsoft” prosesə müdaxilə etmişdi. Bundan sonra “LG” həmin reklam pəncərələrini deaktiv etmişdi.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...