Logo
    main-post-cover

    Böyük Britaniya Apple-dan iCloud-da backdoor-un yerləşdirilməsinin tələbindən imtina edib

         Böyük Britaniya, ABŞ-ın Apple şirkətini iCloud bulud xidmətində xüsusi xidmət orqanlarının istifadəçi məlumatlarına çıxışı üçün backdoor yaratmağa məcbur edən memorandumu geri çağıracaq. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Gabbard məlumat verib. X sosial şəbəkəsində yeni paylaşılmış postda Gabbard bildirib ki, bu qərar ABŞ prezidenti Donald Trump və vitse-prezident J.D. Vance ilə bir neçə aylıq işdən sonra qəbul olunub. Məqsəd, amerikalıların şəxsi məlumatlarının məxfiliyini təmin etmək olub.
         “Son bir neçə ay ərzində mən Böyük Britaniyadakı tərəfdaşlarımızla, eləcə də ABŞ prezidenti və vitse-prezidenti ilə sıx əməkdaşlıq etmişəm ki, amerikalıların şəxsi məlumatlarının məxfiliyini, həmçinin konstitusion hüquq və vətəndaş azadlıqlarının qorunmasını təmin edək. Nəticədə Böyük Britaniya öz memorandumunu geri çağırmağa razılaşıb” - deyə Gabbard-ın son açıqlamalarından birində bildirilir. Xatırladaq ki, ilin əvvəlində Apple bəyan etmişdi ki, Böyük Britaniya hökumətinin tələbinə görə, ölkə sakinləri üçün Advanced Data Protection funksiyasına çıxış təqdim edə bilməyəcək.
         Həmin funksiya iCloud üzərində end-to-end şifrələmə alətini aktivləşdirməyə imkan verir və bununla da istifadəçi məlumatlarını xarici müdaxilədən etibarlı şəkildə qoruyur. Bu funksiyanın deaktiv edilməsi isə Böyük Britaniya xüsusi xidmət orqanlarına, o cümlədən ABŞ istifadəçilərinə aid iCloud-da saxlanılan məlumatlara çıxış imkanı verirdi. Mart ayında ABŞ və Böyük Britaniya bu məsələ ilə bağlı danışıqlar aparmış, aprel ayında isə Apple Britaniya xüsusi xidmət orqanları üçün backdoor yaradılması göstərişini mübahisələndirmişdi.
    Paylaş