Logo
    main-post-cover

    Discord-da böyük məxfilik yeniliyi

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Discord platforması bütün səsli və video zənglər üçün başdan-başa şifrələməni (End-to-End Encryption – E2EE) standart olaraq aktiv edib. Şirkətin açıqlamasına görə, bundan sonra platformadakı səsli və video danışıqlara hətta Discord-un özü belə çıxış əldə edə bilməyəcək. Discord-un əsas texnologiyalar üzrə vitse-prezidenti Mark Smit bildirib ki, yeni təhlükəsizlik sistemi artıq bütün istifadəçilər üçün qlobal şəkildə aktivdir və ayrıca seçim etmək tələb olunmur. Yeganə istisna isə “Stage Channels” funksiyasıdır, bu kanallar hələlik şifrələnmir.
    Comprehensive Discord Review: Features, Security, and User Benefits
        Yeni sistem Discord daxilində birbaşa zəngləri (DM), qrup danışıqlarını, server səs kanallarını və “Go Live” yayımlarını əhatə edir. Funksiya masaüstü, mobil, veb və konsol versiyalarında işləyir. Şifrələmə şirkətin hazırladığı açıq mənbəli DAVE (Discord Audio & Video Encryption) protokolu ilə həyata keçirilir. İlk dəfə 2024-cü ilin sentyabrında təqdim edilən bu sistem daha sonra kibertəhlükəsizlik şirkəti tərəfindən auditdən də keçib. Sistem hər bir səs və video məlumatını ayrıca şifrələyir və yalnız zəngdə iştirak edən şəxslər həmin məlumatları açıb oxuya bilir.
        Discord bu keçidi mərhələli şəkildə həyata keçirib. 2026-cı ilin mart ayından etibarən köhnə tətbiq versiyaları səsli və video funksiyalara çıxışı itirmişdi. İndi isə şirkət prosesin bütün istifadəçilər üçün tam başa çatdığını açıqlayıb. Bu yenilik yalnız səs və video rabitəyə aiddir. Discord-da mətn mesajları hələ də başdan-başa şifrələnmir və şirkət yaxın gələcəkdə bunu dəyişməyi planlaşdırmır. Discord bildirir ki, mətn mesajlarının açıq qalması platformanın moderasiya alətləri üçün vacibdir.
    Paylaş