Logo
    main-post-cover

    DoorDash məlumat oğurluğunu təsdiqləyib

        Technote.az “AppleInsider” platformasına istinadən bildirir ki, populyar çatdırılma xidməti olan DoorDash naməlum sayda istifadəçiyə aid şəxsi məlumatların oğurlandığını təsdiqləyib. DoorDash məlumat sızıntısı ilə bağlı açıqlamanı saytının “Hesabını İdarə Et” bölməsində gizlədilmiş dəstək sənədində verib.
        Şirkətin iddiasına görə, “həssas məlumatlar” ələ keçirilməyib. Lakin DoorDash bunun ardınca istifadəçilərin yaşayış ünvanı kimi əslində həssas hesab edilən məlumatların icazəsiz şəxslər tərəfindən əldə oluna biləcəyini etiraf edib.
        Sızdırıldığı bildirilən məlumatlar bunlardır:
        •    Ad və soyad
        •    Telefon nömrəsi
        •    E-poçt ünvanı
        •    Fiziki ünvan
        DoorDash-a görə “həssas məlumat” yalnız sosial təminat nömrəsi, digər identifikasiya nömrələri, sürücülük vəsiqəsi məlumatları və bank/kart məlumatlarıdır.
        Şirkət hadisənin işçilərdən birinin hesabına giriş əldə edilməsi ilə baş verdiyini bildirir.
        DoorDash istifadəçilərin məxfiliyini qorumağa sadiq olduğunu deyir və artıq təhlükəsizlik sistemlərinə yeniləmələr etdiyini, işçilər üçün yeni təlim proqramları tətbiq etdiyini bildirib. Bundan əlavə, şirkət hadisəni araşdırmaq üçün xarici müstəqil auditor cəlb edib və hüquq-mühafizə orqanlarını məlumatlandırıb. DoorDash sızmanın nə zaman baş verdiyini isə açıqlamayıb.
    Paylaş