Logo
    main-post-cover

    Foxconn hücumu: Apple-ın daxili server layihəsi ortaya çıxdı

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Foxconn müəssisələrinə qarşı həyata keçirilən kiberhücum nəticəsində Apple-a aid məxfi server sənədlərinin sızdırıldığı iddia olunur. Məlumata görə, Nitrogen adlı ransomware qrupu Foxconn-un Şimali Amerika əməliyyatlarını hədəf alıb və hücum zamanı Apple daxil olmaqla bir sıra böyük texnologiya şirkətlərinə aid sənədləri ələ keçirib.
    Long aisle between tall server racks glowing blue, packed with cables and hardware, in a brightly lit high-tech data center or computer server room
        Yayılan sənədlər arasında Apple server komponentlərinin sxemləri, server raflarının texniki xüsusiyyətləri və daxili server quruluşlarına dair materialların olduğu bildirilir. Sızdırılan faylların bir hissəsi 2025-ci ilin sonu və 2026-cı ilin mart ayına aid sənədləri əhatə edir. Həmçinin 2020–2023-cü illəri əhatə edən Apple server təlimatları və spesifikasiyaları da hücum zamanı əldə edilib.
        Ən diqqətçəkən məqamlardan biri isə Apple-ın “Matterhorn” adlı daxili server layihəsinə dair məlumatların ortaya çıxmasıdır. Sənədlərə əsasən, şirkətin bəzi yüksək performanslı serverləri Intel-in Ice Lake əsaslı Xeon prosessorları, Nvidia T4 qrafik kartları və çoxsaylı NVMe yaddaş qurğularından istifadə edib. Məlumatlarda Apple serverlərinin fiziki quruluşu, hava axınının idarə olunması, montaj elementləri və server raflarının yük daşıma imkanları kimi texniki detallara da yer verilib. Bununla belə, sızan sənədlər arasında Apple Silicon əsaslı serverlərə və ya şirkətin süni intellekt infrastrukturu ilə bağlı kritik məlumatlara rast gəlinmədiyi qeyd olunur.
        Hücumun yalnız Apple ilə məhdudlaşmadığı da bildirilir. Nitrogen qrupunun AMD, Google, Intel, Nvidia, Samsung, Micron, Seagate və HP kimi şirkətlərə aid server və aparat sənədlərini də əldə etdiyi iddia edilir. Ümumilikdə qrupun 11 milyondan çox faylı, təxminən 8 TB məlumatı ələ keçirdiyini bildirdiyi vurğulanır.
    Paylaş