Logo
    main-post-cover

    Gucci və Balenciaga brendlərinin müştərilərinin məlumatları oğurlanıb

         Kibercinayətkarlar Gucci, Balenciaga Alexander McQueen kimi lüks geyim brendlərinin milyonlarla müştərisinin şəxsi məlumatlarını ələ keçiriblər. Hücum nəticəsində adlar, ünvanlar (elektron və adi), telefon nömrələri və alış-veriş məbləğləri sızdırılıb, lakin maliyyə məlumatlarına zərər dəyməyib. Hadisə bu ilin aprelində baş versə də, geniş ictimaiyyətə indi məlum olub. Kibercinayətkarlar sözügedən brendlərin ana qurumu olan Kering şirkətinin daxili sistemlərinə müvəqqəti giriş əldə ediblər. Kering nümayəndələri məlumat sızmasını artıq təsdiqləyiblər və baş verənlərlə bağlı həm müştərilərin, həm də müvafiq dövlət qurumlarının məlumatlandırıldığını bildiriblər.
         Bu hücumun arxasında duran haker özünü Shiny Hunters adlandırır. O, kiberhücumun qurbanı olan 7.4 milyon unikal elektron ünvanla bağlı məlumatlara sahib olduğunu iddia edir. BBC-nin ixtiyarında oğurlanmış məlumatların nümunəsi var və bu, bir neçə min qeydi əhatə edir. İlkin yoxlama onların orijinallığını təsdiqləyib. Xüsusilə, məlumatlar arasında alış-veriş məbləğləri də var. Bəzi müştərilər 86 000$-a qədər məhsul alıblar. Kering nümayəndəsinin sözlərinə görə, iyun ayında şirkət icazəsiz üçüncü tərəfin onun sistemlərinə və bəzi brendlərin müştərilərinə aid məhdud məlumatlara müvəqqəti giriş əldə etdiyini müəyyənləşdirib.
         Bank hesabı nömrələri, bank kartları və dövlət identifikatorları kimi maliyyə məlumatlarına toxunulmayıb. Shiny Hunters isə bildirib ki, o, sızmış məlumatların bitcoin qarşılığında geri alınması üçün Kering ilə danışıqlar aparmağa çalışıb, lakin Kering belə danışıqlara girdiyini təkzib edir və hüquq-mühafizə orqanlarının tövsiyələrinə tam riayət etdiyini əlavə edir. Daha əvvəl iki başqa lüks brend - CartierLouis Vuitton da oxşar hücumların hədəfi olub. Hələlik bu hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı məlum deyil. Google-un məlumatına görə, Shiny Hunters tək bir haker yox, sosial mühəndislik metodlarından aktiv istifadə edən və UNC6040 kimi tanınan bir haker qruplaşması ola bilər.
    Paylaş