Logo
    İddia: Claude AI agenti Pentaqonun şəbəkə xəritəsini kənar sayta göndərib

    İddia: Claude AI agenti Pentaqonun şəbəkə xəritəsini kənar sayta göndərib

        “Accenture” şirkətinin ABŞ Müdafiə Nazirliyində işləyən podratçısının şəxsi “Claude Code” süni intellekt agentini Pentaqonun qorunan daxili şəbəkəsinə qoşduğu iddia edilir. Agentə sistemə daxil olmaq, kod yazmaq və həmin kodu sistemdə yerləşdirmək üçün hesab məlumatları verilib. “Claude Code” təhlükəsiz sistemə qoşulub və daha sonra həssas məlumatları yüksək riskli üçüncü tərəf saytına göndərib. Bu şəbəkədən bir neçə kəşfiyyat qurumu da istifadə edir.
    İddia: Claude AI agenti Pentaqonun şəbəkə xəritəsini kənar sayta göndərib
        Söhbət məxfi olmayan məlumatların ötürüldüyü NIPRNet şəbəkəsindən gedir. Süni intellekt agentinə tapşırıqları yerinə yetirmək üçün internet bağlantısı da lazım olub. Agent verilən hesab məlumatları ilə giriş zamanı aparılan təhlükəsizlik yoxlamalarından yan keçib. Nəticədə həm giriş məlumatları, həm də NIPRNet şəbəkəsinin xəritəsi kənar sayta göndərilib. Məxfi sayılmayan, amma yayılması məhdud olan başqa məlumatların da risk altında qaldığı ehtimal edilir.
        Agentin şəbəkəyə 2 ay çıxışı olub. Təhlükə yalnız bundan sonra aşkarlanaraq aradan qaldırılıb. Həmin vaxt “Anthropic” şirkəti təchizat zənciri baxımından riskli sayıldığı üçün “Claude” nazirlik əməkdaşlarına qadağan edilmişdi. Buna baxmayaraq, podratçının şəxsi hesabından istifadə etdiyi iddia olunur. Hadisə üzə çıxandan sonra “Accenture” əməkdaşlarının məsələyə ciddi və təcili təhlükə kimi yanaşmadığı da irəli sürülür.
    İddia: Claude AI agenti Pentaqonun şəbəkə xəritəsini kənar sayta göndərib
        Nazirliyin əməkdaşları və podratçıları kibertəhlükəsizlik hadisələri barədə 72 saat ərzində məlumat verməlidirlər. İddiaya görə, hesabı qoşan əməkdaş bu qaydaya əməl etməyib. Giriş məlumatlarının sızdığı təsdiqlənib. Həmin məlumatlardan şəbəkəyə xəbərsiz daxil olmaq üçün istifadə edilə biləcəyi vurğulanıb. Hadisədən xəbəri olan şəxs bunu milli təhlükəsizlik üçün ciddi risk adlandırıb. O, xüsusən İranla davam edən münaqişə fonunda belə laqeydliyin təhlükəli olduğunu deyib.
        ABŞ Müdafiə Nazirliyi şəbəkə və sistemlərinin vəziyyəti barədə şərh vermədiyini açıqlayıb. Nazirlik bütün narahatlıqları ciddi qəbul etdiyini deyib. “Accenture” iddiaların hərtərəfli və müstəqil araşdırıldığını, nəticədə əsassız sayıldığını açıqlayıb. Şirkət hüquqi və müqavilə öhdəliklərinə tam əməl etdiyini də vurğulayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...