Logo
    main-post-cover

    Kibercinayətkarlar Grok vasitəsilə zərərli linkləri yayırlar

         Elon Musk-ın xAI şirkətinə məxsus süni intellekt çat-botu Grok-dan istifadə edərkən ehtiyatlı olmaq lazımdır, çünki onun təklif etdiyi keçidlərə daxil olmaq cihaza zərərli proqramı yoluxdura bilər. Bu barədə Guardio Labs tərəfindən aparılmış tədqiqatda bildirilib. Guardio Labs mütəxəssislərinin aşkar etdiklərinə görə, kibercinayətkarlar istifadəçilərin diqqətlərini cəlb etmək üçün X platformasında böyüklər üçün məzmunlu video reklamlar yerləşdirirlər. Hakerlər zərərli linki X tərəfindən bloklanmamaq üçün mətn hissəsində paylaşmır, onu videonun altında yerləşən “From:” metadata sahəsində gizlədirlər.
         Görünür, sosial şəbəkə həmin sahəni zərərli linklərin olub-olmaması üçün skan etmir. Daha sonra kibercinayətkarlar videonun altına şərhlər yazaraq Grok-dan soruşurlar ki, bu video haradan götürülüb. Grok isə “From:” sahəsini analiz etdikdən sonra zərərli sayta aparan tam linki kliklənə bilən formatda təqdim edir. İstifadəçilər həmin linkə daxil olduqda isə, adətən, cihazlarına zərərli proqram və şəxsi məlumatların oğurlanması üçün nəzərdə tutulmuş digər fırıldaqçı alətlər yerləşdirilmiş sayt açılır.
         Grok avtomatik olaraq X platformasında etibarlı sistem hesabı hesab edildiyi üçün onun paylaşımları linkin nüfuzunu, əhatəsini, SEO göstəricilərini və nüfuzunu artırır, bununla da linkin çoxlu sayda istifadəçiyə göstərilmə ehtimalını yüksəldir. Guardio Labs rəhbəri Nati Tal bu təcrübəni “grokking” adlandırıb və qeyd edib ki, bu üsul çox effektivdir, bəzi hallarda isə milyonlarla zərərli reklamın göstərilməsinə imkan yaradır. Problemlərin qarşısını almaq üçün Tal bütün sahələrin skan edilməsini, gizli linklərin bloklanmasını və Grok-a konteksti təmizləmə funksiyasının əlavə edilməsini təklif edir ki, süni intellekt köməkçisi linkləri filtrdən keçirtsin və onları bloklama siyahıları ilə yoxlasın.
    Paylaş