main-post-cover

    Kimliyi bilinməyən hacker 400 milyon Twitter istifadəçisinin məlumatlarını satmaq istəyir

    Təhlükəsizlik
    27.12.2022
    Emil Nəcəfov
        Breach adlı hacker forumunda Ryushi ləqəbli istifadəçinin paylaşmış olduğu bəyanatda o, Twitter-in sahibi Elon Musk-a eksklüziv razılaşma təklif edib. Hakcer bildirib ki, o, 400 milyon Twitter istifadəçisinin məlumatlarına sahibdir. Məlumata əsasən həmin məlumatlar 2021-ci ildə sosial şəbəkə daxilində aşkar edilmiş sistem boşluğu vasitəsilə əldə edilib. Lakin sistem boşluğu daha sonra aradan qaldırılıb. Hacker sözügedən məlumatları pul qarşılığında təqdim edəcəyini qeyd edib. Əks halda məlumatlar internetə sızdırılacaq və nəticədə Twitter Avropanın nizamlayıcı orqanları tərəfindən külli miqdarda vəsait cəriməsi əldə edəcək. Avropa Birliyində məlumatların qorunması üzrə ümumi reqlamentə (GDPR) əsasən istifadəçi məlumatlarının sızdırılması halında Twitter-i milyonlarla dollar cərimə gözləyir.
        “Sizin 276 milyon dollar dəyərində cərimədən yan keçmək üçün sahib olduğunuz ən yaxşı çıxış yolu məlumatları eksklüziv şəkildə almaqdır” - deyə hacker qeyd edib. Əlavə olaraq hacker xüsusi link yerləşdirib və həmin linkdə digər dələduzların bu cür məlumatları necə istifadə edə biləcəkləri barəsində məlumatlar əks olunub. Hackerin paylaşımında həmçinin 37 nəfərin məlumatlarını əks etdirən nümunə də təqdim edilib. Həmin nümunədə məşhur ulduzların, məmurların, jurnalistlərin, bisnesmenlərin məlumatları yer alıb. Məlumata əsasən hacker tərəfindən əldə edilmiş məlumatlar bazasında çoxlu sayda adi istifadəçilərin adları, elektron poçt ünvanları, abunəçilərinin sayı, istifadəçi hesablarının yaradılması tarixləri və telefon nömrələri var.
        Sözügedən məlumatların əksəriyyəti çox zaman adi qayda üzrə açıq şəkildə təqdim edilsə də, elektron poçt ünvanı ilə telefon nömrəsi adətən gizlədilir. Məlumatda qeyd edilib ki, Ryushi ləqəbli istifadəçi 400 milyon Twitter istifadəçisinin məlumatlarını özündə birləşdirən məlumatlar bazasını 200 000$-a satır. Əgər şirkət bu təklifi qəbul etməsə, məlumatlar bazası müxtəlif adamlara satılacaq. Hudson Rock şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri qeyd ediblər ki, bu məsələni araşdırıblar və məlum olub ki, hacker tərəfindən təqdim edilmiş nümunələr həqiqəti əks etdirirlər. Lakin onlar məlumatlar bazasında 400 milyon istifadəçinin məlumatlarının mövcud olub-olmadıqlarını bilmirlər. 
    Linki kopyala