LinkedIn istifadəçilərin brauzerini gizli şəkildə skan edir
Təhlükəsizlik
06.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, LinkedIn platformasının istifadəçilərin brauzerində quraşdırılmış minlərlə əlavəni gizli şəkildə yoxladığı iddia olunur. Avropada aparılan araşdırmaya görə, platforma Chrome əsaslı brauzerlərdə istifadəçinin xəbəri olmadan 6000-dən çox brauzer əlavəsinin quraşdırılıb-quraşdırılmadığını yoxlayır və cihaz haqqında geniş məlumat toplayır.
Araşdırma Fairlinked e.V. adlı Avropa təşkilatı tərəfindən aparılıb və daha sonra kibertəhlükəsizlik saytı BleepingComputer tərəfindən texniki olaraq təsdiqlənib. Məlumata görə, LinkedIn saytı açılan zaman brauzerə xüsusi JavaScript kodu yüklənir və bu kod minlərlə sorğu göndərərək istifadəçinin hansı əlavələrdən istifadə etdiyini müəyyən edir.
Bununla yanaşı, sistem istifadəçinin cihazı haqqında da məlumat toplayır. Bu məlumatlara prosessor nüvələrinin sayı, yaddaş həcmi, ekran ölçüsü, saat qurşağı, dil, batareya vəziyyəti və digər texniki göstəricilər daxildir. Bu məlumatlar birlikdə istifadəçi üçün unikal “rəqəmsal barmaq izi” yaratmağa imkan verir və bu iz kukilər silinsə belə istifadəçini tanımağa kömək edə bilər. LinkedIn isə iddialarla tam razılaşmır və bildirib ki, bu yoxlamalar istifadəçilərin məlumatlarını qorumaq və platformada icazəsiz məlumat toplayan əlavələri aşkar etmək məqsədi daşıyır. Şirkət məlumatların həssas nəticələr çıxarmaq üçün istifadə edilmədiyini açıqlayıb.
Paylaş