main-post-cover

    Mac kompüterlərində yayılan yeni virus aşkar edilib

    Təhlükəsizlik
    18.08.2020
    Emil Nəcəfov
        Antivirus yönümlü proqram təminatının hazırlanması ilə məşğul olan Trend Micro şirkətinin tədqiqatçıları Mac platformasında yayılan yeni növ virus barəsində hesabat təqdim ediblər. Mütəxəssislərin sözlərinə əsasən Mac kompüterlərinin bu virusla yoluxmalarının əsas səbəbi kənar tətbiq resursları deyil. Belə ki, Mac kompüterləri bu virusla məşhur tətbiqlərin yaradılmasında istifadə olunan alət vasitəsilə yoluxurlar.
        Bu barədə Appleinsider saytı xəbər verib. XCSSET kod adına sahib bu yeni virusun tədqiqatı çərçivəsində mütəxəssislər aşkar ediblər ki, onun kökü Xcode tərtibatçılıq mühitindədir və bu virus Xcode tərəfindən yaradılan tətbiqlərin kodlarına inteqrasiya olunur. Daha sonra kompilyasiya mərhələsində o özünü müstəqil tətbiq kimi qələmə verir. Virusun tədqiqatı zamanı məlum olub ki, onun vasitəsilə uzaqdan Mac kompüterlərini idarə etmək mümkündür.
        Bununla yanaşı sözügedən virusun müəllifləri onun kodunda elə ayarlanma sistemi qurublar ki, virus həm adi istifadəçidən pul yığan şifrələyəci həm də macOS-un təhlükəsizlik sistemindən yan keçərək istifadəçi məlumatlarını oğurlayan alət kimi istifadə oluna bilər. Trend Micro təmsilçiləri qeyd ediblər ki, bu virus GitHub kimi ümumi repozitoriyalar vasitəsilə yayılır. Belə ki, həmin repozitoriyalar vasitəsilə virus tərtibatçılar zənciri üzrə yayılır.
        Virusun özü isə macOS-un təhlükəsizlik sistemindən yan keçərək Safari brauzerinə inteqrasiya edilə bilir. Məlumata əsasən bu virus vasitəsilə ümumilikdə 380 ədəd Mac kompüteri zərər çəkib. Həmin kompüterlərin əsas hissəsi isə Çin və Hindistan istifadəçilərinə məxsus olublar. Trend Micro öz növbəsində tərtibatçılara öz tətbiqlərini kənar repozitoriyalar vasitəsilə yayan zaman onlara ciddi nəzarət etmələrini məsləhət görüb.
    Linki kopyala