OpenAI kibertəhlükəsizlik üçün xüsusi GPT-5.4-Cyber modelini təqdim edib
Təhlükəsizlik
15.04.2026
Sevinj
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, OpenAI kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş yeni süni intellekt modelini təqdim edib. Şirkət bu modeli GPT-5.4-Cyber adlandırır və bildirir ki, o, ənənəvi modellərlə müqayisədə təhlükəsizlik mövzularında daha az məhdudiyyətlə işləyəcək.
Belə ki, standart GPT-5.4 modeli istifadəçilərin zərərli məqsəd daşıya biləcək sorğularını, məsələn sistem boşluqlarının tapılması, təhlükəsizlik zəifliklərinin aşkarlanması və ya hesab məlumatlarının oğurlanması ilə bağlı sualları adətən rədd edir. Yeni təqdim olunan GPT-5.4-Cyber isə bu cür sorğulara daha elastik yanaşmaq üçün hazırlanıb. OpenAI bildirir ki, modelin əsas məqsədi kibertəhlükəsizlik mütəxəssislərinə və araşdırmaçılara müdafiə yönümlü işlərdə kömək etməkdir. Məsələn, təhlükəsizlik tədqiqatçıları bu model vasitəsilə proqramlardakı boşluqları daha effektiv analiz edə və potensial riskləri əvvəlcədən aşkarlaya biləcəklər.
Şirkətin sözlərinə əsasən, GPT-5.4-Cyber “cyber-permissive” yanaşma ilə hazırlanıb. Bu isə o deməkdir ki, model təhlükəsizlik mövzularında daha az “imtina” edir və legitim kibertəhlükəsizlik iş axınları üçün geniş imkanlar təqdim edir. Lakin OpenAI bu modelin potensial risklərini nəzərə alaraq onu hər kəs üçün əlçatan etməyəcək. Hazırda GPT-5.4-Cyber yalnız şirkətin Trusted Access for Cyber (TAC) proqramı çərçivəsində seçilmiş təhlükəsizlik şirkətlərinə, təşkilatlara və araşdırmaçılara təqdim olunur.
Bu addım bazarda maraqlı rəqabət fonunda atılıb. Belə ki, yaxın zamanda Anthropic də oxşar məqsədli kibertəhlükəsizlik yönümlü AI modelini məhdud istifadəçilər üçün istifadəyə vermişdi. OpenAI-ın bu addımı şirkətin rəqibləri ilə eyni istiqamətdə hərəkət etdiyini göstərir.
Paylaş