Logo
    Parollar da var: açıq bazada 2 milyarda yaxın giriş qeydi tapılıb

    Parollar da var: açıq bazada 2 milyarda yaxın giriş qeydi tapılıb

        Təhlükəsizlik üzrə araşdırmaçı Jeremiah Fowler internetdə parol tələb etməyən məlumat bazasında hesablara aid 2 milyarda yaxın giriş qeydi tapıb. O, araşdırmasının nəticələrini 24 noyabrda açıqlayıb. Arxivdə elektron poçt ünvanları, istifadəçi adları və parollarla yanaşı, cihazlar və açıq qalan hesab seansları barədə məlumatlar da olub. Qeydlər elektron poçt, sosial şəbəkə, alış-veriş və maliyyə xidmətlərindəki hesablara aid olub.
        Arxivdə “Google” xidmətlərinə aid 114 milyondan çox qeyd tapılıb. “Facebook”a aid 88 milyon, “Roblox”a aid 41 milyon qeyd olub. “Amazon” üzrə 36 milyon, “X” üzrə 32 milyon qeyd aşkarlanıb. “Instagram”a aid qeydlərin sayı 31 milyon olub. Bazada eyni qeydlər təkrarlana bilər, üstəlik, bir nəfərin bir neçə hesabı ola bilər. Ona görə də 2 milyard rəqəmi məlumatı üzə çıxan insanların sayını göstərmir. Bu arxiv Fowler-in bu il tapdığı 149 milyon giriş qeydi olan əvvəlki bazadan 13 dəfədən çox böyükdür.
        Məlumatlar 8 400-dən çox qovluqda şifrələnmədən saxlanılıb. Faylların bir qismi ölkələrə görə ayrılıb, bəzi istifadəçilərin cihaz və hesab məlumatları da ayrıca qovluqlara yığılıb. Fowler “Tor” şəbəkəsinə aid minlərlə ünvanın istifadəçi adları və parollarla birlikdə saxlandığını da müəyyən edib. Fayllar arasında ölkələrə görə qruplaşdırılmış elektron poçt hesablarına girişin satışı ilə bağlı elan da olub.
        Fowler-in araşdırmasına görə, qeydlər bir neçə mənbədən toplanıb. Məlumatların bir qismi cihazlarda saxlanan parolları oğurlayan zərərli proqramlardan götürülmüş ola bilər. Arxivi kimin topladığı, ondan satış, araşdırma və ya başqa məqsədlə istifadə edilib-edilmədiyi bilinmir. Fowler server xidməti göstərən şirkətə xəbər verib və bir neçə gün sonra bazaya açıq giriş məhdudlaşdırılıb. Faylların nə qədər açıq qaldığı və onlara başqa kimlərin baxdığı məlum deyil.
        Yayılan 3,5 milyarddan çox qeyd rəqəmi təkcə Fowler-in tapdığı bazaya aid deyil. Bu saya “UpGuard” təhlükəsizlik şirkətinin ötən həftə açıqladığı başqa bir məlumat bazasındakı qeydlər də daxildir. Həmin bazada təxminən 1,64 milyard qeyd olub. Onların arasında Çinə aid şəxsiyyət vəsiqəsi və telefon nömrələri, eləcə də məktəbə qəbul məlumatları var.
        Arxivdəki açıq seans məlumatlarına görə bəzi hallarda hesaba parol yazmadan girmək olar. Elektron poçt ünvanınızın məlum sızıntılarda olub-olmadığını “Have I Been Pwned” xidmətində yoxlaya bilərsiniz. Amma ünvanın nəticələrdə çıxmaması məlumatınızın sızmadığı demək deyil. Hesabınızda şübhəli giriş görsəniz, etibar etdiyiniz cihazdan parolu dəyişin və digər cihazlarda açıq qalan seansları bağlayın. Bir neçə hesab risk altındadırsa, əvvəlcə elektron poçt hesabınızı qoruyun. Sonra bir neçə hesabda işlətdiyiniz eyni parolları dəyişin və hesaba girişdə əlavə təsdiq tələb edən 2 mərhələli doğrulamanı aktivləşdirin.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...