main-post-cover

    Pirat saytlara keçidi bloklayan qeyri-adi virus aşkar edilib

    Təhlükəsizlik
    18.06.2021
    Emil Nəcəfov
        SophosLabs şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Andrew Brandt aşkar edilmiş yeni qeyri-adi kompüter virusu barəsində məlumat verib. Aşkar edilmiş yeni virusun digərlərindən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, istifadəçinin şifrələri ilə bank kartı məlumatlarını oğurlamır. Bunun yerinə sözügedən virus istifadəçilərin pirat kontentli saytlara keçidlərini bloklayır. “Belə bir şeyi müşahidə etmək həqiqətən də qeyri-adidir. Çünki adətən bir çox zərərli proqram təminatının bir məqsədi olur. Oğurluq” - deyə mütəxəssis qeyd edib.
        Vigilante Malware adlı bu yeni virus işə düşən zaman o, kompüterdəki HOSTS faylını dəyişir və onun daxilinə çoxlu sayda məşhur torrent trackerlər və digər pirat saytların ünvanlarını inteqrasiya edir. Həmin pirat saytlardan birinə daxil olmaq istəyən zaman brauzer 127.0.01 IP ünvanına yönlənir. Bu IP ünvan isə öz növbəsində lokal kompüterə yönlənərək lazım olan veb resursa keçidi bloklayır. Mütəxəssis bildirib ki, bu zərərli proqram təminatı kompüterə digər üsullarla zərər verməsə də, o, işə salınan zaman uzaqda yerləşən hosta qoşularaq hackerə istifadəçinin IP ünvanını ötürə bilər.
        Ötürülmüş IP ünvan isə gələcəkdəki kiberhücumlarda istifadə oluna bilər. Sözügedən virus istifadəçinin kompüterinə pirat xarakterli müxtəlif proqram təminatının yüklənməsi vasitəsilə düşə bilər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, bu virus Discord messenceri və Pirate Bay platforması vasitəsilə də yayılır. Vigilante Malware virusundan qurtulmaq üçün istifadəçilər antivirus tətbiqlərindən istifadə etməli və HOSTS fayllarını fərdi şəkildə təmizləməlidirlər. 
    Linki kopyala