Logo
    main-post-cover

    Şimali Koreya hakerləri 2025-ci ilin əvvəlindən 2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar

         Elliptic mütəxəssislərinin hesablamalarına görə, bu ilin əvvəlindən Şimali Koreyadan olan hakerlər ümumilikdə 2 milyard dollardan çox dəyərində kriptovalyuta aktivlərini ələ keçiriblər - bu, Şimali Koreya kibercinayətkarları üçün rekord göstəricidir. Ümumi məbləğ isə artıq 6 milyard dolları keçib. Fevral ayında onlar tarixdəki ən böyük kriptovalyuta oğurluğunu həyata keçiriblər - Bybit birjasından 1.4 milyard dollardan çox vəsaiti mənimsəyiblər. Hakerlər rəqəmsal pulqabı provayderinin sisteminə daxil olaraq, Bybit birjasının “soyuq” pulqabısından 400 000 ədəd ethereum tokenini köçürüblər.
         Platforma rəhbərliyinin məlumatına görə, bu vəsaitlərin təxminən 68%-i izlənilə bilib, bu isə o deməkdir ki, cinayətkarlar əldə etdikləri pulların yalnız bir hissəsini nağdlaşdıra biliblər. Bu il Şimali Koreya hakerləri LND.fi, WOO XSeedify platformalarına da hücumlar həyata keçiriblər - ümumilikdə təxminən 30 hadisə qeydə alınıb. Chainalysis ekspertlərinin məlumatına görə, ilin əvvəlindən bəri Şimali Koreyadan olan kibercinayətkarlar ümumilikdə 2.17 milyard dollar məbləğində aktivlər ələ keçiriblər. Elliptic və Chainalysis blokçeyn izləmə xidmətləri təqdim edir və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək onlara qanunsuz tranzaksiyaların qarşısını almaqda kömək edirlər.
         Analitiklər xəbərdarlıq edirlər ki, hakerlər təkcə kriptovalyuta birjalarına və blokçeyn şirkətlərinə deyil, həm də varlı şəxslərə hücumlar həyata keçirə bilərlər. Kibercinayətkarlar, xüsusən də sosial mühəndislik metodlarından və fişinq hücumlarından istifadə edərək, qurbanları aldadıb zərərli proqram təminatını quraşdırmağa məcbur edirlər. Chainalysis-in hesablamalarına görə, kriptovalyuta ilə bağlı cinayətlər arasında fərdi şəxslərə yönəlmiş oğurluqların payı artıb və ilin əvvəlindən etibarən bu göstərici 23.35%-ə çatıb.
    Paylaş