Logo
    main-post-cover

    Şimali Koreyadakı hakerlər son 6 ildə 3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar

    Təhlükəsizlik
    06.12.2023
    Emil
         Şimali Koreya tərəfindən dəstəkləndikləri güman edilən hakerlər kriptovalyuta bazarına kiberhücumlar sayəsində son 6 il ərzində təqribi olaraq 3 milyard dollar vəsait oğurlayıblar. Təkcə keçən il baş vermiş kriptovalyuta oğurluğu hadisələrinin 44%-i (1.7 milyard dollar) məhz Şimali Koreyanın haker qruplaşmaları tərəfindən reallaşdırılıb. Onların arasında Kimsuky, Andariel, Lazarus Group kimi haker qruplaşmaları var. “2017-ci ildən Şimali Koreya kriptovalyuta bazarına öz diqqətini artırıb və nəticədə o, ümumilikdə 3 milyard dollar vəsait oğurlaya bilib” - deyə Recorded Future adlı analitik şirkətin hesabatında qeyd edilib.
         Şimali Koreyanın dəstəyi altında fəaliyyət göstərən hakerlər təkcə kriptovalyuta birjalarına deyil, həmçinin fərdi istifadəçilərə, vençur şirkətlərə və digər texnoloji şirkətlərə də böyük diqqət ayırırlar. Məlumatda qeyd edilib ki, sözügedən hakerlər öz fəaliyyətlərinə SWIFT adlı bank şəbəkəsinin hack edilməsi ilə start veriblər və 2017-ci ildə öz diqqətlərini kriptovalyuta sahəsinə yönəldiblər. İlk mərhələdə onlar Cənubi Koreyanın kriptovalyuta bazarı ilə məşğul olmağa başlasalar da müəyyən müddətdən sonra digər ölkələrin kriptovalyuta bazarlarına da yönəliblər. Məlumata əsasən Şimali Koreyanın öz hərbi və silah proqramlarının əsas maliyyə mənbəyi qismində məhz oğurlanmış kriptovalyutalar çıxış edirlər. Hal hazırda Şimali Koreyada 6000 nəfər hakerin fəaliyyət göstərdiyi güman edilir.
    Paylaş