Logo
    SweepLED gizli kameraları 94 faiz dəqiqliklə aşkarlayır

    SweepLED gizli kameraları 94 faiz dəqiqliklə aşkarlayır

        “KAIST” tədqiqatçıları “Sinqapur Milli Universiteti” və “Sinqapur İdarəetmə Universiteti” ilə birlikdə gizli kameraları aşkarlayan “SweepLED” sistemini hazırlayıblar. Professor Han Junun rəhbərlik etdiyi layihə smartfona taxılan LED modulunu AI əsaslı tətbiqlə birləşdirir. Tətbiq modulun işıqlandırdığı səhnənin görüntüsünü təhlil edərək şübhəli kamera obyektivlərini müəyyənləşdirir.
    SweepLED gizli kameraları 94 faiz dəqiqliklə aşkarlayır
        Smartfonun arxasına maqnitlə bərkidilən LED işıq şəbəkəsinin hazırlanması 7 dollara (təxminən 12 manat) başa gəlir. LED işıqlarının istiqaməti fasiləsiz dəyişir. Buna görə müxtəlif səthlərdəki adi işıq əksləri hərəkət edir və ya yoxa çıxır. Kamera obyektivinin linza, diafraqma və sensor quruluşu isə “SweepLED” sisteminin tanıya bildiyi fərqli işıq izi yaradır.
        Gizli kamera axtarışında adətən smartfon fənəri ilə linza parıltısı yoxlanılır və ya telefon kamerası vasitəsilə infraqırmızı şüalanma aşkarlanır. Əksolunmanı təhlil edən xüsusi tətbiqlərdən də istifadə olunur. İlk iki üsul otağın əl ilə diqqətlə yoxlanmasını tələb edir və kiçik obyektiv asanlıqla gözdən qaça bilər. Mövcud tətbiqlər isə adi parıltıları kamera kimi qəbul edərək yanlış xəbərdarlıq verə bilir.
    SweepLED gizli kameraları 94 faiz dəqiqliklə aşkarlayır
        Komanda “SweepLED” qurğusunu real şəraitdə, aralarında gizli kamera yerləşdirilmiş nümunələrin də olduğu 30 əşya üzərində sınaqdan keçirib. Sistem testlərdə 93,9 faiz aşkarlama dəqiqliyi göstərib. Avtomatik görüntü təhlili otağın hər hissəsini əl ilə uzun müddət yoxlamaq ehtiyacını azaldır. Tədqiqatçılar yeni üsulun mövcud yanaşmalarla müqayisədə daha sürətli, rahat və etibarlı olduğunu bildirirlər.
        Gizli kameraların tualetlərdə, paltardəyişmə otaqlarında, kirayə mənzillərdə və hotellərdə yerləşdirilməsi xüsusilə Şərqi Asiyada ciddi məxfilik probleminə çevrilib. Cənubi Koreyada qadınlar 2018-ci ildə bu hallara qarşı etiraz aksiyaları keçirmişdilər. Bununla belə, “SweepLED” internetdə qorunmadan yayım edən 40 mindən çox təhlükəsizlik kamerasına və ətrafdakı insanlardan xəbərsiz çəkiliş aparan ağıllı eynəklərə qarşı müdafiə yaratmır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...