main-post-cover

    VPN istifadə etməyin müsbət və mənfi tərəfləri nələrdir?

    Təhlükəsizlik
    01.10.2020
    Nijat Hamid
            Bildiyiniz kimi hal-hazırda ölkəmiz Ermənistan ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müharibə edir. Bu səbəbdən istifadəçilərin kiber hücumdan qorunması və məxfi məlumatların paylaşılmaması üçün sosial media və internetə bir sıra məhdudiyyətlər gətirilirdi. İnternetə məhdudiyyət gətirilində isə insanların ağlına gələn ilk yol VPN servisləri olur. Bəs VPN nədir? Necə işləyir? Nə qədər təhlükəsizdir? Müsbət və mənfi tərəfləri nələrdir? Bu sualların cavabını məqaləmizdə ətraflıca cavablayacağıq.

    VPN servislər istifadəçi ilə internet arasında tunel rolunu oynayaraq məhdudiyyətlərdən yayınıb internetə rahat bağlanılmasını təmin edir.

            VPN servisləri bəhs etdiyimiz kimi tunel rolunu oynayan servislərdir. Yəni normal istifadə zamanı istifadəçi şəbəkə üzərindən internetə qoşulduğu halda VPN servisləri ilə bu proses qismən dəyişir. VPN servisi istifadə etdiyimiz zaman bu servisin xaricdə yerləşdirilmiş server-inə yönləndirilirik. Bizimlə servər arasında bağlantı qurulur və bu bağlantı VPN servisləri tərəfindən təhlükəsizlik səbəbiylə şifrələnir. Sonra isə internetə qoşula bilməyimiz üçün bağlantı yaratdığımız bu server internet ilə əlaqələndirilir. Beləliklə biz başqa ölkə üzərindən başqa şəbəkəyə qoşularaq internetə daxil ola bilirik.
    İndi isə gəlin qısa suallar ilə bəzi məsələləri dəqiqləşdirək.
    • VPN servislərin müsbət tərəfləri nədir?

            VPN servis istifadə etdiyimiz zaman başqa ölkə və başqa provayderə bağlandığımız üçün bizə tətbiq edilən bütün məhdudiyyətlərdən yayına bilirik. Bundan başqa normal halda internetə bağlandığımız zaman qoşulmamız xüsusi olaraq şifrələnmir. Sadəcə provayderlərin tətbiq etdiyi təhlükəsizlik protokolları istifadə olunur ki, bunlar da kiber hücumlara qarşı çox da effektiv deyil. Qısaca qorunmasız oluruq demək mümkündür. Lakin VPN servislər bağlantıları 1 tərəfli və ya 2 tərəfli şifrələyə bilirlər. Sizdən server-ə qədən olan bağlantı adətən bütün VPN servisləri tərəfindən şifrələnir. Server-dən internetə gedən bağlantı isə əsasən pullu VPN istifadə etdiyiniz zaman şifrələnir. Bu da 2 tərəfli şifrələmə adlanır. Bu şifrələmə və VPN servisin sizə verdiyi naməlum IP adresi səbəbilə sizi internetdə izləmək qeyri-mümkün hala gəlir. 
    • VPN istifadə etməyin mənfi cəhətləri nələrdir?

            VPN servislərdə 2 fərqli təklif olur: Pullu servislər və pulsuz servislər. Pulsuz servislər hər kəs tərəfindən daha çox istifadə olunur. Lakin burada ən böyük problem VPN servisin sizə ayırdığı trafik zolağının genişliyinin az olması, yükləmə sürətinin zəif olması gecikmələrin çox olmasıdır. Çünki bütün bunları yüksək səviyyədə təşkil edib istifadəçiyə vermək güclü server qurmaq tələb edir. Bu da kifayət qədər bahalı olduğu üçün pulsuz VPN servisləri bunu edə bilmir. Bu səbəbdən pulsuz VPN servisləri istifadə edərkən internet sürəti öz sürətinizdən daha yavaş ola bilir, tez-tez bağlantı kəsilə bilir və s. Bəs pullu VPN-lərdə vəziyyət necədir? Belə demək olar ki, pul versəniz belə yaxşı xidməti daimi göstərə bilən VPN servisi çox azdır. Çünki pullu VPN istifadəçisi az olduğu üçün VPN servisləri yetəri qədər yüksək səviyyəli serverlər qurub yüksək internet ilə təmin edə bilmirlər. Məsələn siz Azərbaycanda yaşayırsınız və 3-5 dollar verərək VPN servisinə abunə olursunuz. Bu VPN servisinin sizə ən yaxın olan serveri isə Fransada yerləşdirilib. Bu zaman siz pul ödəmiş olsanız belə aradakı uzaq məsafə səbəbilə ciddi dərəcədə gecikmə yaşayacaqsınız. İnternet sürəti isə vəd edilən qədər yüksək olmayacaq. Bu tip hallar VPN servislərinin mənfi cəhətləridir. Lakin daha çox pul ödəyərək daha premium VPN servislərinə abunə ola bilərsiniz. Hansi ki, onların Türkiyə, GürcüstanRusiyada serverləri var. 
    • VPN istifadə etmək təhlükəlidirmi?

            Əslində bu sualın cavabı həm , həm YOX-dur.. Ona görə YOX deyə bilərik ki, 1-ci sualın cavabında da yazdığımız kimi VPN xidməti bizi zərərli saytlardan qoruyur, internetdə görünməz şəkildə gəzməyimizi təmin edir. Sualın digər cavabının HƏ olması isə bununla bağlıdır ki, VPN servisləri tunel rolunu oynasa da sizin məlumatlarını yığa və müdaxilə edə bilər. Məsələn ABŞ-da yerləşən VPN servislərinin şərtlərinə görə onlar Amerika qanunlarına tabedir və dövlət istərsə istifadəçilərin bütün məlumatları toplanıb verilə bilər. Şərqi Avropada yerləşən VPN servislərinin isə rus xakerləri ilə olan əlaqələri səbəbiylə güvənilir olmadığı iddia edilir. Asiyada yerləşən VPN servislərinin isə dövlət ilə sıx əlaqələri olduğu üçün məlumatların bütün hallarda toplandığı deyilir. Digər təhlükəli tərəf də bu deyil. Beləki VPN servisləri istifadə etdiyiniz zaman qeydiyyat tələb edilir və siz qeydiyyatdan keçdikdən sonra login, şifrəniz, mail adresinin şirkətdə toplanır. Bu normaldır. Lakin VPN servislərinə hücum edən xakerlər bu məlumatları oğurlaya bilirlər. Bir nümunə olaraq deyə bilərik ki, bundan 3 ay əvvəl 20 milyon VPN istifadəçisinin məlumatları xakerlər tərəfindən oğurlanmışdı. 1.2 TB həcmində istifadəçi məlumatları UFO VPN, Fast VPN, Free VPN, Super VPN, Flash VPN, Secure VPN və Rabbit VPN kimi VPN servislərindən götürülmüşdü. Bəs bununla bitdimi? Xeyr. Yuxarıda bəhs etdiyimiz kimi VPN servisləri məlumatları və bağlantıları 1 tərəfli və 2 tərəfli şifrələyə bilirlər. 1 tərəfli şifrələmə zamanı adətən sizinlə server arasındakı bağlantı şifrələnir, lakin server ilə internet arasındakı bağlantı şifrələnməyə bilir. Bu səbəblə server ilə internet arasındakı bağlantıya sıza bilən xaker bütün internet trafiki kontrol edə bilər. 
    • Technote nə məsləhət görür?

            - Məcbur olmadıqca VPN istifadə etməyin.
            - Asiyada yerləşən VPN servislərindən uzaq durun. Ən təhlükəlisi onlardı.
            - Yuxarıda adını çəkdiyimiz VPN servislərini istifadə etməyin.
            - Mümkünsə pullu VPN servisləri istifadə edin: HotSpot Shield, NordVPN, ExpressVPN,SurfSharkVPN,CyberGhostVPN kimi.
            - Sadaladığımız VPN-lərin smartfon versiyaları da var. Həm pullu, həm də pulsuz versiyaları mövcuddur. Lakin pulsuz versiyaları istifadə etdiyiniz zaman sizə təklif edilən sürət, server sayı və istifadə müddəti az olacaq. Həmçinin istifadə etmək üçün reklam izləməli olacaqsınız. Alternativ olaraq pulsuz və hələki güvənilir olan TurboVPN önərə bilərik.
            - Pullu VPN istifadə etsəniz belə qoşulma zamanı heç bir məxfi məlumatını yazmayın. Əsasən da kredit kart və sosial media hesablarınızın şifrəsini. 
    Linki kopyala