150 milyon istifadəçiyə baxmayaraq Rec Room fəaliyyətini dayandırır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Roblox-a bənzər sosial oyun platforması olan Rec Room fəaliyyətini dayandıracağını açıqlayıb. İstifadəçilərə öz oyun və təcrübələrini yaratmağa imkan verən platforma 1 iyun tarixində tamamilə bağlanacaq.
Şirkətin rəsmi bloq paylaşımında bildirilib ki, Rec Room 150 milyondan çox oyunçu və yaradıcıya çatmasına, hətta bir vaxtlar 3,5 milyard dollar dəyərində qiymətləndirilməsinə baxmayaraq, davamlı gəlir modeli qura bilməyib. Açıqlamada qeyd olunub: “Heç vaxt davamlı şəkildə qazanc əldə etməyi bacarmadıq və xərclərimiz gəlirlərimizi üstələdi.”
Bundan əlavə, şirkət VR bazarındakı dəyişikliklər və ümumilikdə oyun sənayesindəki çətinliklərin vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb. Qeyd edək ki, Rec Room ötən ilin avqust ayında işçi heyətinin yarısını ixtisar etmişdi.
Rec Room-un bağlanması, sosial oyun platformalarının üzləşdiyi ümumi problemlərin bir hissəsidir. Məsələn, Meta şirkətinin Horizon Worlds platforması artıq yeni VR təcrübələri əlavə etməyəcək və diqqətini mobil platformalara yönəldəcək. Eyni zamanda, Epic Games də Fortnite oyununa marağın azalması səbəbilə 1000-dən çox əməkdaşını işdən çıxarıb.
Paylaş