
Reddit platformasının istifadəçilərindən biri 60 il bundan öncə dərc edilmiş qəzetin fotolarını təqdim edib. 60 il bundan öncə dərc edilmiş qəzetin maraqlı özəlliyi ondan ibarətdir ki, həmin qəzetdəki məqalələrdən birində müasir smartfonların nə vaxtsa işıq üzü görəcəkləri proqnozlaşdırılıb. Məqalənin müəlliflərinin həmin vaxtkı proqnozlarına əsasən telefonlar televizor ekranlarına bənzər kiçik ölçülü ekranlar əldə edəcəklər. Həmin vaxtlarda onlar bu cür cihazları TV Phone adlandırırdılar.
“Nə vaxtsa Mansfild şəhərinin sakinləri telefonları öz ciblərində gəzdirə biləcəklər. Hər halda bunun sabah baş verəcəyini gözləmək lazım deyil. Telefon şirkətinin menecerinin sözlərinə əsasən bu cür cihazların kommersiya məqsədli istifadəsi uzaq gələcəyin işidir. Lakin buna baxmayaraq laboratoriya şəraitində ilk testlərə artıq start verilib. Sadəcə təsəvvür edin ki, bu, evdar qadınlara gündəlik ev işlərindən ayrılmadan telefon zənglərinə cavab verməyə imkan verəcək” - deyə Mansfild şəhərinin regional qəzetinin 1963-cü il aprel ayı buraxılışındakı məqalədə qeyd edilib.
Reddit platformasının istifadəçiləri isə öz növbələrində 60 il bundan öncəki qəzetdə yerləşdirilmiş məqalənin bu cür dəqiq proqnozundan heyrətləniblər. Qeyd etmək lazımdır ki, bu, tarixdə smartfonlarla bağlı ilk proqnoz deyil. Belə ki, hələ 1926-cı ildə məşhur alim Nikola Tesla güman etmişdi ki, günlərin birində insanlar real zaman ərzində bir-biriləri ilə cibə yerləşə biləcək cihazlar vasitəsilə ünsiyyət qura biləcəklər.