Logo
    25 yaşlı Intel prosessoru təmir olundu, 33% daha sürətli işlədi

    25 yaşlı Intel prosessoru təmir olundu, 33% daha sürətli işlədi

    Cihazlar+
    19.09.2026
        Texnologiya həvəskarı “Bits und Bolts” təxminən 25 yaşı olan “Intel Celeron 1200” prosessorunu çətin təmirdən sonra yenidən işlədib. Çipin kontaktlarından biri qopmuş, altındakı mis hissə də zədələnmişdi. Buna görə prosessor qoyulan kompüter heç açılmırdı. Təmirdən sonra çipin sürəti 33% artırılsa da, sistem sabit işləyib.
    25 yaşlı Intel prosessoru təmir olundu, 33% daha sürətli işlədi
        Qopan D47 kontaktı məlumat ötürmək üçün vacib idi. Bəzi köhnə prosessorlarda eyni işi görən bir neçə güc və ya torpaqlama kontaktı olur. Onlardan biri qopsa belə, prosessor işləyə bilir. Ancaq bu çipdə D47-ni əvəz edəcək başqa bağlantı yox idi. Buna görə kontakt fiziki olaraq bərpa edilməli idi və adi lehimləmə kifayət etmirdi.
        Kontaktın lehimləndiyi hissə də qopduğuna görə sadəcə yeni ayaq taxmaq olmurdu. Təmirçi yaşıl örtüyün altındakı qatlara çatmaq üçün prosessorun altlığını ehtiyatla qazıyıb. Görüntü böyüdüləndə bir neçə mis qat və ortada kiçik, dairəvi bağlantı nöqtəsi üzə çıxıb. Yeni kontakt yalnız həmin nöqtəyə bağlanmalı, ətrafdakı mis hissələrə toxunmamalı idi.
    25 yaşlı Intel prosessoru təmir olundu, 33% daha sürətli işlədi
        Qısaqapanma olmasın deyə dairəvi hissənin ətrafına qoruyucu lehim maskası çəkilib və quruması gözlənilib. Donor kontaktlar tamamilə sıradan çıxmış başqa bir “Tualatin” çipindən götürülüb. Sonra bağlantı nöqtəsinə lehimləməni asanlaşdıran flüs vurulub və mis səth nazik qalay qatı ilə örtülüb. Donor kontakt yerinə lehimlənib, düz qalıb və prosessor yuvaya problemsiz oturub.
        Təmirdən sonra prosessor dərhal işə salınmayıb. Əvvəlcə multimetrlə ölçmələr aparılıb və heç bir problem çıxmayıb. Son sınaqda kompüter normal açılıb, prosessor da “SiSoft Sandra” daxil olmaqla müxtəlif proqramlarla yoxlanılıb. Sürəti 33% artırılan çip 1600 MHz tezlikdə sabit işləyib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...