3 Apple mağazası fəaliyyətini dayandıracaq
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Inc. ABŞ-də bəzi fiziki mağazalarını bağlamağa hazırlaşır. Şirkət bu qərarın arxasında biznes və xidmət keyfiyyəti ilə bağlı səbəblərin dayandığını bildirsə də, qərar mağazaların yerləşdiyi bölgələrdə narazılıqla qarşılanıb. Məlumata görə, Apple iyun ayında ABŞ ərazisində üç mağazasını fəaliyyətini dayandıracaq.
Bağlanacaq mağazılar arasında Kaliforniyadakı Apple North County, Merilenddə yerləşən Apple Towson Town Center və Konnektikut ştatındakı Apple Trumbull mağazaları var. Xüsusilə Trumbull və Towson bölgələrində yerli rəsmilər və sakinlər bu qərardan narahat olduqlarını bildiriblər. Onların fikrincə, Apple mağazalarının bağlanması həm iş yerlərinin azalmasına, həm də bölgədə xidmət əlçatanlığının zəifləməsinə səbəb olacaq. Lakin Apple qərarının arxasında daha geniş səbəblərin olduğu bildirilir. Şirkət mağazaların yerləşdiyi bəzi ticarət mərkəzlərində ümumi vəziyyətin pisləşdiyini, ətrafdakı digər mağazaların da fəaliyyətini dayandırdığını və bəzi ərazilərdə təhlükəsizlik problemlərinin artdığını qeyd edib. Şirkət üçün premium brend imicini qorumaq vacib olduğundan, Apple mağazalarının yerləşdiyi mühitin də bu imicə uyğun olması əsas prioritetlərdən biri hesab edilir.
Ekspertlərin fikrincə, Apple artıq klassik alış-veriş mərkəzlərində yerləşən köhnə tip mağazalar əvəzinə daha böyük, müstəqil və xüsusi dizayna malik yeni nəsil mağazalara üstünlük verir. Bu səbəbdən şirkət mall daxilində yerləşən ənənəvi mağazalarını mərhələli şəkildə bağlayaraq yeni konseptli satış nöqtələrinə fokuslanır. Bəzi istifadəçilər üçün bu dəyişiklik əlavə məsafə qət etmək mənasına gəlsə də, Apple hesab edir ki, onlayn satış və uzaqdan texniki dəstək xidmətlərinin inkişaf etdiyi dövrdə bu cür dəyişikliklər müştərilər üçün ciddi problem yaratmır.
Paylaş