Logo
    96 nüvəli prosessor, 2 TB yaddaş: AMD yeni AI iş stansiyası təqdim etdi

    96 nüvəli prosessor, 2 TB yaddaş: AMD yeni AI iş stansiyası təqdim etdi

    Cihazlar+
    04.09.2026
        “AMD” “IFA 2026” sərgisində “Threadripper Halo Station” adlı yeni süni intellekt iş stansiyasını təqdim edib. Şirkət bu sistemi dünyanın ən güclü iş stansiyası adlandırır. Qurğu 1 trilyon parametrli süni intellekt modellərini işlədə biləcək gücdədir. Qiymət və satış tarixi hələ açıqlanmayıb.
    96 nüvəli prosessor, 2 TB yaddaş: AMD yeni AI iş stansiyası təqdim etdi
        “Threadripper Halo Station” 96 nüvəli “Threadripper Pro 9995WX” prosessoru ilə işləyir. Prosessor eyni anda 192 hesablama axınını yerinə yetirə bilir, sürəti isə 5,4 GHz-ə çatır. Modeldə 384 MB L3 keş yaddaşı var. Prosessorun istilik və enerji sərfiyyatını göstərən TDP göstəricisi 350 Vt-dır. Stansiyada 8 kanallı yaddaş quruluşunun imkan verdiyi maksimum həcmdə - 2 TB DDR5 operativ yaddaş var.
        Qrafik hesablamalar üçün maye ilə soyudulan 2 “Instinct MI350P” sürətləndiricisindən yararlanılır. Onların hər biri “TSMC” şirkətinin N3 istehsal texnologiyası ilə hazırlanıb. Hər sürətləndiricidə 128 “CDNA 4” hesablama bloku və 144 GB HBM3E yaddaş yerləşir. Beləliklə, sərgidə göstərilən sistemin ümumi HBM3E yaddaşı 288 GB-dır. “AMD”-nin məlumatına görə, gələcəkdə sürətləndiricilərin sayını 4-ə, yaddaşı isə 576 GB-a çatdırmaq mümkün olacaq.
    96 nüvəli prosessor, 2 TB yaddaş: AMD yeni AI iş stansiyası təqdim etdi
        Hər “Instinct MI350P” sürətləndiricisinin enerji limiti 600 Vt-a çatır. Buna görə prosessor və hər 2 sürətləndirici maye ilə soyudulur. Sistem üçün yüksək güclü enerji mənbəyi də tələb olunur. Qurğu mahiyyət etibarilə server platformasının qüllə formalı korpusa uyğunlaşdırılmış versiyasıdır. Burada “EPYC” prosessorunu “Threadripper” əvəz edir. Sərgidə nümayiş etdirilən korpusda isə yalnız 2 sürətləndirici üçün yer var.
    96 nüvəli prosessor, 2 TB yaddaş: AMD yeni AI iş stansiyası təqdim etdi
        “AMD” yekun qiyməti açıqlamayıb. Bununla belə, əsas hissələrin pərakəndə satış qiyməti ümumilikdə 100 000 dolları (170 000 manat) keçir. Daha geniş konfiqurasiya, saxlama qurğuları, enerji və soyutma sistemi də əlavə olunarsa, qiymət 150 000 dolları (255 000 manat) aşa bilər. Təkcə prosessor 11 000 dollar (18 700 manat) ilə 12 000 dollar (20 400 manat) arasında qiymətləndirilir. Hər sürətləndiricinin qiyməti təxminən 20 000 dollar (34 000 manat), 2 TB DDR5 yaddaşın qiyməti isə 50 000 dollardır (85 000 manat).
        “Threadripper Halo Station” üçün rəsmi qiymət və satış tarixi hələ müəyyənləşməyib. “AMD” bu quruluş əsasında hazırlanmış sistemlərin tərəfdaş istehsalçılar tərəfindən satışa çıxarılacağını gözləyir. Lakin həmin şirkətlərin adları açıqlanmayıb. Prosessor DDR5 yaddaşında 6400 MT/s, yəni saniyədə 6400 milyon məlumat ötürülməsi sürətini dəstəkləyir. Sərgidə göstərilən yaddaş modullarının faktiki sürəti və 4 sürətləndiricili versiyanın hansı korpusda təqdim ediləcəyi məlum deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...