Agibot CES 2026-da insanabənzər rəqs edən robotlarını təqdim etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, CES 2026 sərgisi humanoid robotlar baxımından artıq indidən diqqət mərkəzinə çevrilib. Çin texnologiya şirkəti Agibot sərgidə iki humanoid robotunu, insan ölçülərinə yaxın A2 və bir qədər kiçik X2 modellərini nümayiş etdirib.
Hər iki robot sərgi zamanı sərbəst yerimə, insanlarla salamlaşma və ən əsası rəqs bacarıqları ilə diqqət çəkib. Daha iri olan A2 əsasən qolları ilə hərəkət edərək rəqs edirdi, X2 isə daha çevik konstruksiyası və geniş “ayaq” platforması sayəsində daha stabil və dinamik hərəkətlər nümayiş etdirib. Hazırkı nümayiş zamanı robotlar qismən Agibot nümayəndələri tərəfindən xüsusi idarəetmə qurğusu ilə yönləndirilsə də, şirkət bildirir ki, robotlar öz üzərindəki sensorlar vasitəsilə ətraf mühiti xəritələndirdikdən sonra tam avtonom şəkildə hərəkət edə bilir.
Agibot artıq Çində bir neçə min robot satdığını və 2026-cı il ərzində ABŞ bazarına çıxmağı planlaşdırdığını açıqlayıb. Şirkətin məqsədi A2 və X2 modellərini müxtəlif ssenarilərdə istifadə oluna bilən çevik platformalar kimi təqdim etməkdir. Agibot-un baxışına görə, A2 modeli muzeylərdə, sərgilərdə və konfranslarda ziyarətçiləri qarşılayan, istiqamət göstərən və hətta qonaqlarla birlikdə gəzən bir “xidmət robotu” rolunu oynaya bilər. Daha kiçik X2 isə təhsil mühitləri və daha insanabənzər hərəkətlər tələb olunan sahələr üçün nəzərdə tutulub.
Paylaş